Latviyalı deputat: “ATƏT-in Azərbaycandakı seçkiləri müşahidə etməkdən imtinası düzgün addım deyildi”

Latviyalı deputat: “ATƏT-in Azərbaycandakı seçkiləri müşahidə etməkdən imtinası düzgün addım deyildi”
# 24 noyabr 2015 15:11 (UTC +04:00)

Riqa. Mübariz Aslanov - APA. “Hesab edirəm ki, Azərbaycandakı son parlament seçkilərini boykot etmək, müşahidəçilikdən imtina etmək siyasi nöqsandır. ATƏT-in bu seçkiləri müşahidə etməkdən imtinası fikrimcə, düzgün addım deyildi. Ən azı müşahidə edib, iradlarını canlı müşahidə nəticəsində bildirməli idilər”.

Bu sözləri APA-ya açıqlamasında Latviya parlamentinin deputatı, Valmiera şəhərinin keçmiş meri İnesis Bokis deyib.

İ. Bokis bildirib ki, Azərbaycanda seçkiləri müşahidə edib və müşahidəsinin nəticələri olduqca müsbətdir: “Bizdən fərqli olaraq, sizdə seçki majoritar qaydada keçirilir. Müşahidələrim zamanı Azərbaycanda rəqabətin daha qızğın getdiyinin şahidi oldum. Bir yer üçün 6-7 namizədin mübarizə aparması və qızğın rəqabət seçkiyə ciddi siyasi dinamika vermişdi. Məncə, belə bir seçkiləri izləməyə dəyərdi, nəinki ondan imtina etmək. Əgər həqiqətən ATƏT-in Azərbaycandakı seçkilərlə bağlı iradları vardısa, bunu seçkini izləyib bildirməli idi, izləmədən bildirmək düzgün yanaşma deyil”.

Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsinə də toxunan latviyalı deputat qeyd edib ki, Azərbaycana qarşı aqressiya nümayiş etdirilir: “Məncə, bir qədər tələsdilər, çox irəli getdilər. Avropada bəzi ölkələr Azərbaycan kimi ölkələri öz standartları ilə yaşamağa vadar etməyə çalışırlar. Bu, düzgün deyil. Çünki hər xalqın, hər ölkənin öz düşüncəsi, öz standartı var. Ona hörmət edərək, qarşılıqlı anlaşma ilə ortaq nöqtəyə gəlmək olar”.

Deputatın sözlərinə görə, Baltikyanı ölkələrdə Azərbaycana böyük maraq var: “İstər iqtisadi, istər mədəni, istərsə də siyasi anlamda həm Baltik xalqları, həm də əksər siyasətçilər Azərbaycanla sıx əlaqədə maraqlıdır. Azərbaycanlılar bizim xalqlarımızla çox asan uyğunlaşa bilirlər və bu istək məhz bu inteqrasiya nəticəsində baş tutub”.

Qeyd edək ki, “APA Holding”in Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə reallaşdırdığı “Sərhəddənkənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Şərqi Avropa ölkələrində görüşlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR