Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində ölkənin 25 sığortaçısı tərəfindən 285,3 mln. manat sığorta haqqı hesablanıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 42,950 mln. manat və ya 17,7% çoxdur.
Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 101,4 mln. manat təşkil edib. Bu da 2015-ci ilə nisbətən 10,1 % çoxdur.
Könüllü və icbari sığorta növləri üzrə həmçinin müsbət dinamika müşahidə olunub. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində könüllü sığorta növləri üzrə haqlar 15,54%, ödənişlər isə 4,93% artaraq, müvafiq olaraq 177, 1 və 75,1 mln. manat təşkil edib.
Həyat sığortası bazarında yığım 35%, ödəniş isə 1,2 dəfə artıb. Qeyri-həyat sığortası bazarında yığım 7,5% artıb, ödəniş isə 5% azalıb.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 35,5 manat ödəniş həyata keçirilib. Bu göstərici keçən ilin eyni dövrü üzrə 38 manat təşkil edib.