Los Ancelesdə 28 May - Respublika Günü qeyd olunub

Los Ancelesdə 28 May - Respublika Günü qeyd olunub
# 27 may 2016 08:04 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 98-ci ildönümü münasibətilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Los Ancelesin tanınmış Riviera Mərkəzində ziyafət verib.

Konsulluqdan APA-ya verilən məlumata görə, ziyafətdə Los Anceles şəhər və vilayətinin məsul əməkdaşları, ABŞ Dövlət Departamentinin rəsmiləri, seçkili orqanların üzvləri, müxtəlif dövlətlərin Los Ancelesdəki baş konsulları, yerli universitetlərin və beyin mərkəzlərinin alimləri, nüfuzlu din xadimləri, KİV təmsilçiləri, eləcə də Azərbaycan, türk, yəhudi, Koreya və İran icmalarının fəalları iştirak ediblər.

Tədbir tanınmış opera müğənnisi, Qremmi mükafatına namizəd Demetra Mustafaoğlu tərəfindən Azərbaycan və ABŞ-ın dövlət himnlərinin ifası ilə başlayıb . Sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək Respublika Gününün Azərbaycan üçün xüsusi önəm daşıdığını, 98 il öncə məhz bu tarixdə İslam dünyasında ilk demokratik və dünyəvi respublikanın yaradıldığını qeyd edib, bu möhtəşəm hadisənin Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin güclənməsində müstəsna rol oynadığını bildirib.

Kaliforniyanın xristian icmasının tanınmış din xadimlərindən olan yepiskop Xuan Karlos Mendez bir müddət əvvəl Azərbaycana səfər etdiyini, ölkəmizdən olduqca xoş təəssüratlarla döndüyünü, burada gördüyü güclü multikulturalizm və dinlərarası harmoniya ənənələrini yüksək qiymətləndirdiyini vurğulayıb.

Yepiskop Mendez bu ənənələrin dövlət siyasətinə çevrilməsində Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu qeyd edib, Azərbaycanın tolerantlıq modelinin bu gün nəinki region, həmçinin bütün dünya üçün yüksək önəm daşıdığını bildirib.

Daha sonra Los Anceles vilayətinin nümayəndəsi Lurdes Saab, Torrens Şəhər Şurasının üzvü Haydi Enn Eşkrəft, Orinc Vilayətinin nümayəndəsi Ceyms Koyl və Los Anceles şəhər merinin nümayəndəsi Daniel Təmm çıxış edərək, bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını və ABŞ-da yaşayan Azərbaycan icmasını təbrik edib, ölkəmizlə bağlı təəssüratlarını bölüşüb.

Tədbir, bədii hissə ilə davam edib. Azərbaycan milli geyimlərini geyinmiş amerikalı gənclərin ziyafətdə iştirakı, Azərbaycanın gənc müğənnisi Çingiz Mustafayevin ifası maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR