Azərbaycanın diplomatik nümayəndəliklərinin xidməti avtomobillərinin say həddinin müəyyənləşdirilməsi proseduru təsdiqlənib

Azərbaycanın diplomatik nümayəndəliklərinin xidməti avtomobillərinin say həddinin müəyyənləşdirilməsi proseduru təsdiqlənib
# 29 dekabr 2015 16:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik diplomatik nümayəndəliklərin istifadəsində olan xidməti minik avtomobillərinin say həddinin müəyyən edilməsi prosedurunun əlavə edilməsi ilə bağlıdır.

Beləliklə, bundan sonra diplomatik nümayəndəliklərin istifadəsində olan xidməti minik avtomobillərinin say həddi (limiti) diplomatik nümayəndəliyin ştat cədvəlinə uyğun olaraq, birinci katib və daha yüksək vəzifə tutan diplomatik xidmət əməkdaşlarının hər bir nəfərinə bir ədəd, digər diplomatik xidmət əməkdaşlarının isə hər iki nəfərinə bir ədəd hesabı ilə müəyyən edilir. Avtomobillərin lizinq üsulu ilə icarəyə götürüldüyü hallarda, müəyyən edilmiş say həddi (limiti) gözlənilməlidir. Diplomatik nümayəndəliklərin xidməti minik avtomobilləri üçün müəyyən edilmiş say həddinə nisbətən xidməti minik avtomobillərinin faktiki sayı artıq olduğu hallarda, həmin xidməti minik avtomobilləri qüvvədə olan amortizasiya normaları nəzərə alınmaqla, istifadə müddəti başa çatana qədər istifadə olunur və sonra müvafiq qaydada balansdan çıxarılır.

Qeyd edək ki, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının maliyyə təminatı ilə bağlı məsələləri tənzimləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR