Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 16 İyun

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 16 İyun
# 16 iyun 2016 18:01 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

MHP-də yeni dönəm başlayır. Bu, həm də Türkiyə siyasətində yeni dönəmdir. Uzun illərdən, hətta on illərdən sonra Türkiyədə bir partiya sədri seçki yolu ilə dəyişə bilər. Dövlət Baxçalının sədrlikdən göndərilməsi digər partiyalarda analoji prosesin başlamasına start verə bilər. Baxçalının sədrlikdən getməsi isə artıq geri dönməz prosesə çevrilib. Ali Məhkəmə ötən ayın 25-də bir ay ərzində qurultay keçirmək barədə qərar çıxarıb, MHP rəhbərliyinin etirazına rəğmən bazar günü keçiriləcək qurultaya səlahiyyətli nümayəndələrinin ¾ hissəsinin qatılacağı gözlənilir. Məhkəmənin bugünkü Sinan Oğan qərarından sonra partiya rəhbərliyində tərəddüd edən şəxslər belə qurultaya qatılmaq qərarı verməyə başlayıblar. Prosesi müşahidə edən hər kəsi isə bir sual düşündürməyə başlayıb: “AKP Dövlət Baxçalıya gözlənilən dəstəyi niyə vermədi?, doğrudanmı, MHP artıq AKP-yə lazım deyil? Prezident üsul-idarəsinə keçid prosesində AKP-nin kənardan dəstəyə ehtiyacı var, MHP isə belə bir dəstəyi verməyə ən münasib partiya sayılır. Baxçalının dəyişməsi faktiki olaraq AKP-ni belə bir nəzəri dəstəkdən məhrum edə bilər. O zaman Baxçalının qələmi niyə qırıldı? Bir neçə səbəb ola bilər. Birincisi, ola bilər ki, AKP-də MHP-dən gözlənilən dəstəyə olan ümidlər tükənib, bu səbəbdən partiyanın üzərindən himayədar əli çəkilib. İkincisi, AKP MHP-dəki parçalanmanı mühafizəkar səsləri öz tərəfinə çəkmək üçün şans bilir. Üçüncüsü, AKP növbəti parlamentin dörd deyil, üç partiyalı olacağını hesablayıb və bu arifmetik partiyaya öz iddialarını təmin etməyə kifayət edəcək qədər millət vəkili qazanmaq şansı yaradır. Hər üç səbəb yuxarıdakı sualın cavabı ola bilər, günün reallıqları göstərir ki, AKP-nin planları çətin ki pozulsun. Hesablamaları pozacaq tək amil var - MHP-nin qurultaydan parçalanmamış, daha güclü çıxması. AKP oyuna məhz bu mərhələdə daxil olacaq, gücünü bu mərhələdə göstərəcək. İndiki mərhələdə isə... artıq MHP-də Baxçalı dönəmi bitmiş sayıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR