Bakıda MDB ölkələri Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclası keçiriləcək

Bakıda MDB ölkələri Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclası keçiriləcək
# 10 oktyabr 2016 08:49 (UTC +04:00)

Bakı - APA. Oktyabrın 12-də Bakıda MDB dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçiriləcək.

APA-nın məlumatına görə, iclasda MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev, Tacikistan əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Sumanqul Said Taqoyzoda, Belarus daxili işlər nazirinin müavini Nikolay Melçenko, Türkmənistan Dövlət Miqrasiya Xidməti rəisinin müavini Mered Meredov, Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin Əmək, Sosial Müdafiə və Miqrasiya Komitəsi sədrinin müavini Aslan Karjaubayev, Qırğız Miqrasiya üzrə Dövlət Xidmətinin Hüquqi təminat və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Çingiz Sarıbeyovun rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Gündəliyə 18 məsələ daxil edilib. Toplantıda MDB ölkələrində miqrasiyanın vəziyyətinə dair məsələlər, MDB ölkələri vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bazasının yaradılması məsələsi ilə bağlı işçi qrupun iclasının nəticələri, vətəndaşsızlıq hallarının azaldılmasında Azərbaycanın təcrübəsi, MDB ərazisinə daxil olan üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərinin vahid uçot sisteminin yaradılması, MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasında 2017-ci ildə sədrlik barədə müzakirələr aparılacaq.

Qeyd edək ki, MDB Miqrasiya Orqanları Rəhbərlərinin Şurası MDB Dövlət Başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli qərarı əsasında yaradılıb. Şuranın tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan və Rusiyanın miqrasiya məsələlərinə məsul orqanlarının rəhbərləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR