“Turizm və Səyahətlər” sərgisinə həsr olunan mətbuat konfransı keçirilib

“Turizm və Səyahətlər” sərgisinə həsr olunan mətbuat konfransı keçirilib
# 06 aprel 2016 12:00 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 15-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (AITF-2016) sərgisinə həsr olunan mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, aprelin 7-də sərgi öz qapılarını ziyarətçilərin üzünə açacaq: “Keçirildiyi illər ərzində “AITF” sərgisi bütövlükdə Xəzəryanı regionda əsas turizm tədbirinə çevrilərək sənaye sahəsinin qovşağı statusu qazanıb. Ənənəvi olaraq, Azərbaycan Turizm Assosiasiyasının stendində Azərbaycanın turizm şirkətləri, otel və sanatoriyaların təklifləri ilə tanış olmaq mümkün olacaq. Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyaları çərçivəsində isə Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim olunacaq”.

Mətbuat konfransında qeyd olunub ki, sərgi mövsümünün ilk tədbiri olan “AITF” sərgisi turizm sahəsi üzrə danışıq və görüşlər, eləcə də fikir mübadilələri və təkliflər üçün mərkəzi platformaya çevriləcək. Sərgi iştirakçıları turizm sektorunun müxtəlif istiqamətləri üzrə eksklüziv təkliflərlə çıxış edəcəklər.

Tədbirin iştirakçıları arasında turizm şirkətləri, aviaşirkətlər, milli və regional turizm təşkilatları, otel şəbəkələri, xaricdə daşınmaz əmlak agentlikləri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və spa mərkəzləri, o cümlədən idman və ekoloji turizm obyektləri yer alacaq.

Nazirlik rəsmisi əlavə edib ki, ilk dəfə olaraq sərgi çərçivəsində “workshop” təşkil olunacaq.

Sərginin təşkilatçısı qismində təmsil olunan “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov çıxış edərək sərginin müsbət dinamik inkişafı, eləcə də onun ölkənin turizm sektorunda oynadığı xüsusi rol və son illər ərzində sərginin həm iştırakçılarının, həm də ekspozisiyaların say artımından söz açıb.

Qeyd edək ki, “AITF” sərgisi aprelin 7-9-da yalnız turizm peşəkarları, aprel 9-da isə bütün ziyarətçilər üçün açıq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR