Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 31 Mart

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 31 Mart
# 31 mart 2016 18:15 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Suriyada hakimiyyət dəyişikliyi olacağı qaçılmazdır. Suriya böhranının bütün iştirakçıları artıq buna hazırdır. Münaqişənin həlli dedikdə ilk növbədə siyasi həll yolu nəzərdə tutulur. Təxmini ssenari belədir - Əsədin taleyi həll olunur, ölkədə prezident və parlament seçkiləri keçirilir, dövlət quruluşu ilə bağlı Konstitusiya islahatları aparılır. Hər üç prinsipial məsələ ilə bağlı Qərbin, Rusiyanın, İranın və digər maraqlı qüvvələrin mövqeləri eynidir, hər kəs bu üç məsələ həll edilmədən münaqişənin həllinin mümkün olmadığını anlayır. Fikir ayrılığı isə üç məsələnin ardıcıllığındadır. Əsədin müttəfiqləri öncə prezident və parlament seçkilərinin keçirilməsini, sonra Konstitusiya islahatı aparılmasını, bundan sonra hazırkı prezidentin taleyinə aydınlıq gətirilməsini istəyir. Qərb və müttəfiqləri isə hesab edir ki, seçkilər və islahatlar yalnız Əsəd getdikdən sonra mümkün ola bilər. Suriya prezidenti obyektiv olaraq müttəfiqlərinin dili ilə danışır. Ölkənin bərpasına 200 milyard dollar tələb olunduğunu deyir və bir gün sonra növbədənkənar prezident seçkiləri keçirməyə hazır olduğunu bildirir. Seçkilərdə iştirak etməyəcəyəm deyən Əsəd faktiki olaraq bazarlıq edir. Əsədin münaqişənin həlli formulu belədir - gəlin yenidən sıfır nöqtəsinə qayıdaq. Suriya və müttəfiqlərinin hesablamaları belədir - Əsəd yenidən prezident seçilir, parlament yenə hakimiyyət tərəfdarlarının iştirakı ilə formalaşır, ölkədə legitim strukturlar yarandığı bəyan edilir. Ölkənin federativ dövlətə çevrilməsi məsələsi gündəmə gətirilir və parlament tərəfindən qəbul olunmur və Əsədin formulu işə keçir - Suriya heç nə olmamış kimi hər şeyə sıfır nöqtəsindən başlayır. Bu ssenari təbii ki, Qərbin, ən əsası isə Əsədə qarşı mövqe tutan ərəb dövlətlərinin maraqlarına cavab vermir. Suriya rəhbərinin "seçkilərə hazıram" bəyanatından sonra ərəb mediasında "Qərb və Rusiya Əsədin taleyini həll edib" tipli xəbərlərin tirajlanması, ərəb dünyasının Suriya-Rusiya-İran koalisiyasının ortaya atdığı həll formuluna reaksiyası, daha doğrusu etirazıdır.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR