Devalvasiya və süni bahalaşmanın qarşısı necə alınmalıdır? - SORĞU

Devalvasiya və süni bahalaşmanın qarşısı necə alınmalıdır? - <span style="color: red;">SORĞU
# 12 yanvar 2016 15:28 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında manatın devalvasiyası, süni bahalaşma ilə bağlı mövqeyini birmənalı şəkildə ortaya qoydu. Hesab edirəm ki, Azərbaycanda bu mövqeni bölüşməyən çox az adam tapılar. Bu, çox ciddi, obyektiv, eyni zamanda düşündürücü münasibətdir”.

Bunu APA-ya açıqlamasında manatın devalvasiyası, süni bahalaşma ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin tapşırıqlarına, son günlər süni bahalaşma ilə bağlı keçirilən aksiyalara münasibət bildirən Milli Məclis sədrinin müavini Bahar Muradova söyləyib.

B. Muradova hesab edir ki, manatın məzənnəsi, dünyada gedən proseslərlə bağlı yaranmış bu mühiti Azərbaycan vətəndaşları üçün daha az zərərlə ötüşməsinə təmin etməyə cavabdeh olan qurumlar, bu qurumların rəhbərləri, aidiyyatı şəxslər bu və ya digər fəaliyyətlərini məqbul tələblərə uyğun qurmalıdırlar: “Dövlətin yaratdığı və faydalı olan mühitdən bu günə qədər bəhrələnərək hər bir kəs öz həyatını istədiyi şəkildə imkanları daxilində qura bilibsə, bugünkü durumu, bu problemləri də bölüşməlidir. Eyni zamanda hər kəs problemlərin həllinə də öz töhfəsini verməlidir. Hər bir Azərbaycan vətəndaşının qarşısında vəzifə durur. Bu vəzifələri ardıcıl şəkildə yerinə yetirməliyik ki, biz bu durumdan daha az zərərlə çıxa bilək və Azərbaycan vətəndaşları daha az mənfi təsirlərə məruz qalsınlar”.

Millət vəkili Azay Quliyev isə deyib ki, yaranmış durumu narahatlıqla izləyir: “Bu gün devalvasiya ilə bağlı yaranmış şəraitdən kənar qüvvələr və Azərbaycanda stabilliyin pozulmasını istəyən dairələr faydalana, insanların narazılığını başqa istiqamətə yönəldə bilərlər. Ona görə də vətəndaşlar ilk növbədə dövlətə inanmalıdır. Dövlətin qəbul etdiyi qərarlar yaxın zamanlarda öz effektini verəcək. Prezident Nazirlər Kabinetinin iclasında da bununla bağlı çox açıq, dəqiq tapşırıqlar verdi. O tapşırıqlar ilk növbədə süni bahalaşmanın qarşısının alınması, əhalinin pensiya və əmək haqlarının artırılması, sahibkarlın mühitinə hər hansı müdaxilənin qarşısının qeyd-şərtsiz alınması, idxal-ixrac əməliyyatlarında tam şəffaflığın təmin olunması ilə bağlıdır. Bütün bunların öz nəticəsini verməsi üçün müəyyən vaxta ehtiyac var. Ona görə də gərək insanlarımız səbirli olsunlar. İnsanlarımız qəbul etməlidirlər ki, iqtisadi çətinliklər heç bir halda dövlətçiliyimizin fövqündə durmamalıdır. Biz hər bir addımı atanda düşünməliyik ki, bu addımın atılması nəticəsində Azərbaycan dövlətinə nə qədər zərər dəyə bilər”.

A. Quliyev qeyd edib ki, hökumət devalvasiyanın mənfi nəticələrini aradan qaldırmaq üçün bütün gücünü toplayıb: " Məni daha çox narahat edən odur ki, fəndgirlər, fürsətçilər insanların narazılığından istifadə edərək özlərinin çirkin planlarını həyata keçirməyə cəhd etsinlər. Unutmayaq ki, Azərbaycan 1990-cı illərin əvvəlində hərc-mərclik nəticəsində torpaqlarının 20 faizini itirib. Unutmayaq ki, bu gün Azərbaycan əraziləri hələ də işğal altındadır. Bu gün ölkəmizdə ictimai-siyasi sabitliyin pozulması bütövlükdə Azərbaycan dövlətçiliyinə ən böyük zərbə ola bilər. Unutmayaq ki, ətrafımızda baş verən hadisələrin Azərbaycanda təkrarlanmasını istəyənlər az deyil. Ona görə də biz təmkinli olmalıyıq".

Deputat bildirib ki, əhalinin problemləri də heç vaxt inkar edilə bilməz: " Hökumət gecə-gündüz çalışmalıdır, prezidentin tapşırıqları qısa müddətdə icra olunmalıdır. Bahalaşmanın qarşısının alınması, əhalinin sosial problemlərinin həlli ilə bağlı çox təsiredici addımlar atılmalıdır. İnanıram ki, yaxın zamanlarda biz belə addımların şahidi olacağıq".

Deputat Rövşən RzayevAPA-ya açıqlamasında bildirib ki, Azərbaycan dünyaya açıq dövlət olduğu üçün dünyada gedən proseslərin də ölkəmizə təsiri var: "Son dövrlərdə gedən proseslər, neftin sürətlə ucuzlaşması Azərbaycan üçün də müəyyən problemlər yaradıb. Bu cür problemlərdən çıxış yolu hər hansı qaydada mütləq var. Azərbaycan xalqının lideri, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında öz mövqeyini açıqladı. Bu gün çox vacibdir ki, yerlərdəki qurumlar, komitələr, nazirliklər prezidentin tövsiyələrinə uyğun hərəkət etsinlər. Bu qurumlar bu gün bəlkə də bacardıqlarından artıq iş ortaya qoymalıdırlar. Çünki bu gün manatın bu cür devalvasiyası əhaliyə müəyyən qədər problemlər yaradır. Bir tərəfdən hökumət bu istiqamətdə çalışmalı, digər tərəfdən iş adamlarının özləri də bu gün Azərbaycana öz dəstəklərini verməlidirlər, nəinki şəxsi mənafelərini güdməlidirlər".

Millət vəkili Aydın Hüseynov isə bildirib ki, devalvasiya Azərbaycanın iqtisadiyyatı ilə bağlı məsələ deyil, dünya bazarında neftin qiymətinin aşağı düşməsi də iqtisadi qanunlara söykənmir. Neftin qiymətinin aşağı düşməsində siyasi amillər daha çox rol oynayır: “Neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatımıza təsir edən amillərdən biridir. Eyni zamanda devalvasiya ticarət dövriyyəmiz olan dövlətlərdə də baş verib. Azərbaycan dünya iqtisadiyyatının bir hissəsi olduğu üçün ölkəmizdə də devalvasiya qaçılmaz idi. Bu devalvasiyadan istifadə edərək süni qiymət artımı isə yolverilməzdir. Prezident Nazirlər Kabinetinin iclasında da belə halların qarşısının alınması ilə bağlı öz tapşırıqlarını verdi. Çünki qiymət artımına səbəb olacaq, məhsulun maya dəyərini formalaşdıracaq amillər var. Elektrik enerjisi, qaz, kommunal xidmətlər və vergi dərəcələrindən heç bir qalxmayıbsa, qiymət artımı baş verməyibsə, deməli, məhsulun maya dəyərinə təsir edəcək amillərdə artım olmayıb. Xüsusən yerli istehsalçıların qiymətləri artırması birbaşa möhtəkirlikdir. Ona görə də heç bir narahatlıq keçirməyə dəyməz. Çünki prezident öz tapşırıqlarını verib və bu tapşırıqlar yerlərdə həyata keçiriləcək. Dövlət başçısının həyata keçirdiyi siyasətin başlıca hədəfi Azərbaycan vətəndaşının sosial rifah halının yüksəldilməsidir. Prezidentin nəzarətində olan məsələlər həmişə öz bəhrəsini verib, indi də öz bəhrəsini verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR