Ukraynada azsaylı xalqlar dillərinə dövlət statusunun verilməsini istəyir

Ukraynada azsaylı xalqlar dillərinə dövlət statusunun verilməsini istəyir
# 25 fevral 2016 16:30 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ukraynada yaşayan etnik xalqların nümayəndələri ölkədə yaşayan azsaylı xalqların dillərinə status verilməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət ediblər.

Ukrayna Millətlər Assambleyasından APA-ya verilən məlumata görə, müraciətin müəllifləri arasında Assambleya rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev də var.

Müvafiq qərar etnik xalqları təmsil edən təşkilatlar tərəfindən Kiyevdə Ukrayna Millətlər Assambleyası və Ukraynanın Millətlər Cəmiyyəti üzrə Şurası tərəfindən keçirilən "Ana dili - milli, sosial və mədəni şüurun mühüm elementi" adlı toplantıda verilib. Toplantıda Ukrayna Mədəniyyət Nazirliyinin rəsmisi Yelizaveta Serbina, Kiyev Şəhər Administrasiyasının rəsmisi Vladimir Qorovyov, Rövşən Tağıyev, alimlər, mütəxəssislər və ölkədə yaşayan yəhudi, azərbaycanlı, rus, çex, alman, kürd, qaqauz, polyak və digər xalqların nümayəndələri iştirak ediblər.

R. Tağıyev bildirib ki, Ukraynada, xüsusilə hazırkı şəraitdə, azsaylı xalqların dil eyniliyinin qorunub saxlanması, dövlət qayğısı vacib şərtdir: “Ukraynada etnik xalqların milli dili ilə bağlı hər hansı təzyiq yoxdur. Amma bəzi məmurlar məsuliyyətsizlik edirlər”.

Çıxış edənlər ölkədə yaşayan etnik xalqların və dini liderlərin müvafiq istiqamətdə birgə fəaliyyətindən və dövlətdən preferensiyaların tələb edilməsindən danışıblar. Azsaylı xalqların nümayəndələri məsələ ilə bağlı öz təklif və tövsiyələrini veriblər.

Sonda Ukrayna Ali Radası, prezident Pyotr Poroşenko və Nazirlər Kabinetinə ölkədə yaşayan azsaylı xalqların dil statusu ilə bağlı təkliflər paketi göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR