Bakıda insan hüquqlarına həsr olunmuş konfrans keçirilib

Bakıda insan hüquqlarına həsr olunmuş konfrans keçirilib
# 10 dekabr 2015 08:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün “Azərbaycanda insan hüquqlarının təmini davamlı inkişaf perspektivində” mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfrans 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-nin və YUNESKO-nun 70 illiyinə həsr olunub.

Konfrans giriş sözü ilə açan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, BMT-nin Baş Məclisi tərəfindən 1948-ci ildə qəbul olunan İnsan Hüquqları Haqqında Bəyannamənin insan hüquq və azadlıqları üçün böyük əhəmiyyət daşıyır: “İnsan Hüquqları Haqqında Bəyannamə demək olar ki, bütün dövlətlərin konstitusiyalarında, qanunvericilik aktında öz əksini tapıb. Bu sənəddə heç bir ayrı-seçkiliyə yol verilməyib. Bu, bizim üçün çox faydalı sənəddir”.

E. Süleymanova qeyd edib ki, Azərbaycanın konstitusiyası çox mütərəqqidir: “Azərbaycan konstitusiyasında insan hüquq və azadlıqlarına çox böyük yer ayrılıb”.

Ombudsman əlavə edib ki, dinlə bağlı qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının daha etibarlı təmin olunmasına yönəlib.

E. Süleymanova onu da qeyd edib ki, 1 noyabrda Azərbaycanda keçirilən parlament seçkiləri ölkə üçün yeni mərhələdir: “Milli Məclisdə 4 yeni komitə yaradılıb. O cümlədən Ailə, qadın və uşaq komitəsini qeyd etmək istərdim. Bu komitə bizim təklifimiz əsasında yaradıldı. Eyni zamanda, 500-dən çox təklifimiz hökumətə çatdırılıb. Onlardan 60 faizi təmin edilib”.

Tədbirdə çıxış edən millət vəkili Hadı Rəcəbli qeyd edib ki, insanların sosial rifahı, əmək hüquqlarının qorunması insan hüquq və azadlıqlarının böyük hissəsini təşkil edir: “Bu gün Azərbaycanda kasıblıq və işsizlik minimum həddə endirilib. Qarabağ əlilləri üçün zamanında ulu öndər Heydər Əliyev tərəfindən lazımi işlər görülüb. Hazırda bu işləri cənab prezident İlham Əliyev uğurla davam etdirir”.

Daha sonra BMT-nin rezident əlaqələndiricisinin müavini Nato Alhazişvili “BMT-nin Davamlı inkişaf məqsədləri gələcəyə yeni çağırışlar kimi” mövzusunda məruzə ilə çıxış edib.

Sonda Ombudsmanın ənənəvi olaraq keçirdiyi “Hüquqlar – hamı üçün!” mövzusunda jurnalist yazıları, “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR