Rüfət Aslanlı: "Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında əsas məqsəd ziddiyyətləri ayırmaqdır"

Rüfət Aslanlı: "Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında əsas məqsəd ziddiyyətləri ayırmaqdır"
# 03 mart 2016 12:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov, Yeganə Laçınzadə - APA-Economics. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri bir-birindən ayırmaqdır. "APA-Economics" xəbərə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, bütövlükdə Palatanın kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcəyi nəzərdə tutulur. “Palata həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət sahəsində dövlət siyasətini, onun tətbiqini təmin edəcək. Kredit təşkilatları dedikdə banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, milli poçt operatorunun maliyyə xidmətləri, sığorta sektoru dedikdə isə sığorta və təkrarsığorta şirkətləri, sığorta brokerləri və agentləri nəzərdə tutulur. Kapital bazarı ilə bağlı bir müddət bundan öncə parlamentdə yeni qanun qəbul olundu. Kapital bazarları institutları dedikdə investisiya şirkətləri, fond birjaları, klirinq depozitar institutları nəzərdə tutulur. Palata həmçinin sistem əhəmiyyəti olmayan ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi ilə məşğul olacaq. Sistem əhəmiyyəti olmayan ödəniş sistemləri dedikdə klirinq hesablaşma ödəniş sistemləri (elektron ödəniş kartları) Palatanın tənzimləmə sferasına daxil olacaq. Habelə, bu gün mövcud olan qiymətli kağızların ticarəti üzrə klirinq və hesablaşma sistemlərinin fəaliyyətinin tənzimlənməsi hazırda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən icra edilir, gələcəkdə isə bu funksiya Palatanın mandatına daxil ediləcək”, - deyə R. Aslanlı bildirib.

İşçi Qrupunun rəhbəri əlavə edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu sahədə tənzimləmə və nəzarəti həyata keçirmək üçün bir neçə alətlərdən istifadə edəcək: “Bunlardan birincisi lisenziyalaşdırmadır. Palata yuxarıda sadalanan sahələrdə lisenziyalaşdırma aparacaq. İkincisi, Palata maliyyə sektorunda norma yaratma, normativ xarakterli aktlar qəbul etmək səlahiyyətlərinə malik olacaq. Üçüncüsü, Palata tənzimləmə subyektləri olan banklar, kredit təşkilatları, sığorta şirkətlərindən və kapital bazarları iştirakçılarından özünün müəyyən etdiyi forma və qaydalarda hesabatlar alacaq. Bu hesabatlar həmin təşkilatların maliyyə vəziyyəti, idarəetmə sistemlərinin effektivliyi barədə davamlı təsəvvürün və təhlillərin formalaşmasına xidmət edəcək. Dördüncüsü, Palata tənzimlədiyi maliyyə bazarları institutlarının fəaliyyətini yerindəcə yoxlayacaq. Yoxlama prinsipləri və qaydalar isə Palata tərəfindən müəyyən ediləcək. Nəhayət, tənzimlənmə və nəzarət prosesləri gedişində hər hansı qanun pozuntuları aşkar edildikdə və yaxud maliyyə bazarı subyektlərinin riskli fəaliyyəti aşkarlanarsa, bu zaman təsir tədbirləri və ya sanksiya xarakterli tədbirlər tətbiq olunacaq".

R. Aslanlının sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək.

Palatanın idarə olunması və maliyyələşdirilməsinə gəlincə, R. Aslanlı bildirib ki, publik hüquqi şəxs tamamilə əməliyyat və maliyyə müstəqilliyinə malik olacaq. "Maliyyə müstəqilliyi dedikdə o nəzərdə tutulur ki, Palata öz fəaliyyətini dövlət büdcəsi və ya hər hansı dövlət fondlarından ayrılan vəsait hesabına deyil, tənzimlənən subyektlərin ödədikləri haqlar hesabına maliyyələşdirəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR