Braziliya parlamentində Ermənistanın Azərbaycana təcavüzü pislənib

Braziliya parlamentində Ermənistanın Azərbaycana təcavüzü pislənib
# 08 aprel 2016 16:53 (UTC +04:00)

Bakı-APA. Braziliya Deputatlar Palatasında Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti Klaudio Kajado Deputatlar Palatasının plenar iclasında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən atəşkəsin pozulması ilə əlaqədar çıxış edib.

Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Klaudio Kajado çıxışında son vaxtlar Ermənistan-Azərbaycan cəbhə xəttində yaranmış vəziyyətlə bağlı Azərbaycanın mülki əhalisinin hədəfə alınmasından dərin narahatlıq keçirdiyini bildirib: “Aydındır ki, bu münaqişə heç bir tərəfə fayda gətirmir. Biz məlumatlıyıq ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu gərginliyin artmasına və davam etməsinə əsas səbəb olaraq qalır və regionda sülh və sabitliyə təhlükə yaratmaqda davam edir.

Vurğulamaq istərdim ki, BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrində Azərbaycana qarşı gücdən istifadə və onun ərazilərinin işğal edilməsi pislənilib və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib. Bu qətnamələr ən qısa bir zamanda icra olunmalıdır”.

Braziliya Deputatlar Palatasında Braziliya-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Rodriqo Maya və Rio de Janeyro Şəhər Şurasının Xarici əlaqələr komissiyasının sədri Sezar Maya Ermənistanın tərəfindən atəşkəsin pozulması ilə əlaqədar birgə bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir: “Təmas xəttində Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycana qarşı törədilmiş son təxribatları qınayırıq. Biz hamımız bilirik ki, Azərbaycan erməni təcavüzünün qurbanıdır, 20 ildən çoxdur ki, Azərbaycanın 20 faizdən artıq ərazisi Ermənistanın işğalı altındadır və bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün mövcuddur. Təəssüflər olsun ki, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və həmin dövrdə Braziliyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zaman dəstəklədiyi 4 qətnamənin icrasına məhəl qoymur. ATƏT-in Minsk qrupu daxil olmaqla beynəlxalq ictimaiyyət öz səylərini səfərbər edərək Ermənistana yuxarıda qeyd edilən BMT TŞ-nın qətnamələrinin icra etməsi üçün təzyiq göstərməlidir.

Baş verənlərlə əlaqədar olaraq, Azərbaycanın haqlı mövqeyinə tam həmrəyliyimizi ifadə edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR