Marneuidə Milad bayramı qeyd olunub

Marneuidə Milad bayramı qeyd olunub
# 07 yanvar 2016 22:27 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Marneulidə Milad bayramı qeyd edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hər il Gürcüstanda ənənəvi olaraq bu bayram bütün pravoslav xristianlarının iştirakı ilə təntənəli şəkildə qeyd edilir. Məlumata görə, Gürcüstanda Milad bayramı V-VI əsrdən başlayaraq qeyd edilir. Həmin gün pravoslav xristianlar ailəvi şəkildə məbədlərə gedərək dualar oxuyur, şam yandırır və dini ayinlər icra edirlər.

Marneulidə Milad bayramı təntənəli şəkildə qeyd olunub. Artıq üçüncü ildir ki, Marneulidə Milad bayramı münasibətilə "Alilo" adlanan xüsusi yürüş təşkil edilir.

Yürüş iştirakçıları olan pravoslav xristianlar, Marneuli Yeparxiyasının yepiskopu Georgi şəhərin ən böyük küçəsi olan Rustaveli küçəsində qarşılarına çıxan insanları bayram münasibəti ilə təbrik edərək onlara sülh, sevinc, xeyirxahlıq və əmin-amanlıq arzulayıblar.

Sonra tədbir iştirakçıları Marneuli rayon icra hakimiyyəti qarşısında din adamlarının iştirakı ilə dini ayinlər həyata keçiriblər. Tədbirdə Marneuli rayon icra hakimiyyətinin rəhbəri Merab Topçişvili və digər rəsmi şəxslər iştirak ediblər. Tədbirə azərbaycanlılar da qatılıblar.

Milad bayramında "Alilo" yürüşünün iştirakçıları milli paltar geyinərək öküzlər qoşulan arabanı Rustaveli küçəsi ilə sürüblər və pravoslav xristianlar, azərbaycanlılar və digər millətlərin nümayəndələri arabaya bayram hədiyyələri, şirniyyat və ərzaq məhsulları qoyublar.

Tədbirdən sonra hədiyyələr, toplanan ianələr kimsəsiz insanlara, imkansız ailələrə, uşaq evlərinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR