Alim: “Üzvi tullantılar milyardlarla manat xeyir verə bilər”

Alim: “Üzvi tullantılar milyardlarla manat xeyir verə bilər”
# 04 fevral 2016 15:02 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında AMEA-nın Aqrar Elmlər Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə əlaqədar hesabat müzakirə edilib.


APA-nın məlumatına görə, AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi Qərib Məmmədov deyib ki, hesabat ilində bölmənin institutlarında ümumilikdə 6 problemi əhatə edən 44 mövzu üzrə tədqiqatlar aparılıb. Bölmənin elmi müəssisələri və respublikanın ali təhsil müəssisələri elmi-fundamental tədqiqatlar sahəsində 10 mühüm nəticə əldə edib. İnstitutların əməkdaşlarının 45 məqaləsi impakt faktorlu jurnallarda çap olunub.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən Əlövsət Quliyev bildirib ki, hazırda ölkədə 62 faizə yaxın su itkisi var, təkcə 4 milyard kubmetr su Muğan kollektoru ilə Xəzərə axıdılır: “Ölkədə hidrometrik post yoxdur, biz bunu deməliyik. Azərbaycana əsasən kimyəvi gübrələr idxal olunur. Bununla bağlı bir məqamı qeyd edim. Bu gün Azərbaycanda 22 milyon ton üzvi tərkibli tullantı var. Bu üzvi tərkibli tullantıların tərkibində 176 min ton azot, 212 min ton kalium, o cümlədən yüz min tonlarla üzvi gübrələr var. Bu, kifayət qədər böyük ehtiyatdır. Biz illərlə bundan istifadə edə bilərik və etməliyik. Tullantılar milyardlarla manat xeyir verə bilər. Biz həm də kimyəvi gübrələrdən imkan daxilində az istifadə etməli, üzvi gübrələrə üstünlük verməliyik. Çünki çürüntü sonda təbii olaraq torpağa qarışır”.

Bölmənin hesabat məruzəsi dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib və AMEA-nın illik hesabatına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR