Prezident İlham Əliyev: "Süni qiymət artımına yol verilməməlidir" - YENİLƏNİB

Prezident İlham Əliyev: "Süni qiymət artımına yol verilməməlidir" - <span style="color: red;">YENİLƏNİB
# 07 oktyabr 2016 21:20 (UTC +04:00)

Bakı-APA. “Süni qiymət artımına yol verilməməlidir, çox ciddi nəzarət olmalıdır. Həm ictimai nəzarət, həm dövlət orqanları tərəfindən nəzarət daha da güclü olmalıdır. Çünki biz imkan verə bilmərik ki, hansısa natəmiz insanlar, möhtəkirlər qiymətləri süni şəkildə qaldırsınlar və beləliklə, insanlarımız bundan əziyyət çəksin”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.

Dövlət başçısı qeyd edib ki, idxal olunan malların qiyməti dünya bazarlarında formalaşır: “Əgər dünya bazarında Azərbaycanda istehsal olunmayan hansısa malın qiyməti artırsa təbii ki, bizdə də artacaq. Ona görə, biz çalışmalıyıq ki, idxaldan asılılığı maksimum səviyyədə azaldaq, yəni, minimum səviyyəyə endirək. Eyni zamanda, daxildə istehsal olunan ərzaq məhsullarının tərkibində xarici komponent də var. Biz o komponenti də azaltmalıyıq. Bu istiqamətdə işlər gedir”.

***

17:39

Bakı. Könül Kamilqızı – APA. Prezident İlham Əliyev ölkədə süni qiymət artımının qarşısının alınması və idxaldan asılılığın miniuma endirilməsi ilə bağlı tapşırıqlar verib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, ölkədə sənayenin inkişafı və qeyri-neft sektorunun tərəqqisinə mühüm töhfə olacaq sənaye parklarının yaradılması istiqamətində tədbirlər davam etdirilməlidir: “Artıq paytaxtın Pirallahı rayonunda dərman istehsalı zavodunun tikilməsi, Masallıda sənaye zonasının yaradılması, Neftçalada avtomobil zavodunun inşası ilə bağlı tədbirlər davam etdirilir. Sosial mənzillərin tikintisi ilə başlayır və yaxın gələcəkdə böyük metallurgiya kompleksinin inşası planlaşdırılır”.

Prezident İlham Əliyev 2016-cı ildə ölkədə bir sıra işlərin aparıldığı və onların artıq nəticə verdiyini, bu islahatların beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini deyib. Ölkə başçısı Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliyinə görə 37-ci yerdə qərarlaşdırdığını bildirib. Gələn ilin dövlət büdcəsinin yenə də sosial yönümlü olmasının vacibliyini vurğulayan dövlət başçısı bununla belə investisiya yönümlü layihələrin icrasının da diqqət mərkəzində saxlanmasının zəruriliyini qeyd edib.

Prezident İlham Əliyev ölkədə pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın və heyvandarlığın inkişafı ilə bağlı tapşırıqlarını verərkən vurğulayaraq bildirib ki, ölkəyə valyuta gətirəcək kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, xüsusilə də turizmin inkişafı mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, meleorasiya tədbirlərinin gücləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, ailə bizneslərinin də inkişaf etdirilməsi diqqətdə saxlanılmalıdır.

Dövlət başçısı ilin axırına qədər görüləcək işlər nəticəsində 2016-cı ilin uğurla başa vurulacağına əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR