Əmək və Sosial Münasibətlər Akademiyası ilə Qafqaz Universiteti əməkdaşlıq protokolu imzalayıb

Əmək və Sosial Münasibətlər Akademiyası ilə Qafqaz Universiteti əməkdaşlıq protokolu imzalayıb
# 10 dekabr 2015 11:33 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə Qafqaz Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.

Akademiyadan APA-ya verilən xəbərə görə, Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşovun rəhbərlik etdiyi akademiyanın əməkdaşlarından ibarət heyət Qafqaz Universitetində olub.

Qonaqları salamlayan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç nümayəndə heyətinə ali məktəbin tarixi, əsas hədəfləri, fəaliyyət strategiyası və tədris sistemi haqqında ətraflı məlumat verib.

Rektor yerli və xarici universitetlərlə, eyni zamanda şirkətlərlə əməkdaşlığın yüksək səviyyəli kadrların hazırlanmasındakı rolundan söz açıb. Azərbaycanda Qafqaz Universitetinin ilk universitet kampusu olduğunu deyən rektor qonaqları laboratoriyalarla, texnopark və sosial dərnəklərin fəaliyyəti ilə tanış edib. Qonaqları maraqlandıran sualları cavablandırıb.

Öz növbəsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov rəhbərlik etdiyi təhsil ocağı haqda məlumat verib.

Çıxışlardan və universitetlə tanışlıqdan sonra iki ali təhsil ocağı arasında əməkdaşlıq protokolu imzalanıb. Protokola əsasən iki təhsil ocağı arasında müəllim-tələbə mübadiləsi, birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR