Qəçreş kəndinin su təchizatı yaxşılaşdırılır

Qəçreş kəndinin su təchizatı yaxşılaşdırılır
# 28 iyul 2016 13:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərsu” ASC regionlarda rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində Quba rayonunun Qəçrəş kəndində su təchizatı sistemlərinin açılış mərasimi olub.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yeni su təchizatı sisteminin açılış mərasimində çıxış edən Quba rayon icra hakimiyyəti başçısının müavini Nəsrulla Vəliyev son illər bölgələrdə həyata keçirilən su, təbii qaz, yol layihələrinin regionların inkişafına böyük təkan verdiyini və bunun əhalinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olduğunu bildirib: “Bu istiqamətdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı görülən işlər xüsusi qiymətləndirilməlidir. Qəçrəşdə istismara verilən su təchizatı sistemləri kəndin sosial inkişafına böyük töhfədir”.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktorunun birinci müavini Vəli Həsənov bildirib ki, regionlarda 43 şəhər və rayon mərkəzində su layihələrinin icrasına başlanıb və artıq 23 şəhərdə işlər başa çatdırılıb. 2016-cı ildə daha 7 rayon mərkəzində su layihələrinin icrası yekunlaşacaq, eyni zamanda Ağcabədi və Qazax şəhərlərində işlərə başlanılması nəzərdə tutulur. “Azərsu” ASC rayon mərkəzləri ilə yanaşı içməli sudan əziyyət çəkən kəndlərdə də təxirəsalınmaz tədbirlər görür: “Hər bir şəhər və kəndinin keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq genişmiqyaslı işlər həyata keçirilir. 2013-cü ildə Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi uğurla başa çatdırılıb. Bu gün açılışını etdiyimiz su təchizatı sistemləri turizm zonası kimi tanınan Qəçrəş kəndinin inkişafına müsbət təsirini göstərəcək. “Azərsu” ASC hazırda Masallı rayonunun Muğan bölgəsində yerləşən 5 kəndinin, Yardımlı, Ağsu, İsmayıllı rayonlarının sudan əziyyət çəkən kəndlərində, həmçinin Biləsuvar rayonu və Taxtakörpü ərazisində məskunlaşan məcburi köçkünlərin su təchizatının yaxşılaşdırılması məqsədilə layihələr icra edir”.

Quba rayonunun Qəçrəş kəndində icra olunan layihə çərçivəsində mövcud magistral kəmərin 4,4 km-lik hissəsi yenidən qurulub, kəndin yüksəklikdə yerləşən hissəsində ümumi tutumu 600 kubmetr olan 2 su anbarı tikilib, kənd daxilində polietilen borularla 2 km uzunluğunda paylayıcı şəbəkə yaradılıb. Hazırda paylayıcı şəbəkədən evlərə çıxışların və birləşmələrin verilməsi işləri həyata keçirilir. Layihənin icrası nəticəsində Qəçrəş kəndinin yüksəklikdə yerləşən hissəsində yaşayan 1 250 sakininin içməli su problemi öz həllini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR