Noyabrın 1-dən dekabrın 1-dək Azərbaycanda ''Təbii qazdan təhlükəsiz istifadə aylığı'' elan edilib

Noyabrın 1-dən dekabrın 1-dək Azərbaycanda
# 10 noyabr 2015 12:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2015-2016-cı illərin payız-qış mövsümündə istehlakçıların təbii qazla etibarlı və təhlükəsiz təchiz edilməsi, abonentlərin təbii qazdan istifadə qaydaları barədə təlimatlandırılması və maarifləndirilməsi məqsədi ilə SOCAR-ın ''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən noyabrın 1-dən dekabrın 1-dək respublika ərazisində ''Təbii qazdan təhlükəsiz istifadə aylığı'' elan edilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar müvafiq Tədbirlər Planı hazırlanmış, abonentlərin təbii qazdan istifadə qaydalarına dair növbədənkənar təlimatlandırılması nəzərdə tutulub. Plan çərçivəsində təbii qazdan istifadə qaydalarını pozan istehlakçıların qaz təchizatı müqavilə ilə müəyyən edilmiş qaydada dayandırılacaq.

Tədbirlər Planında həmçinin, qəza halları barədə birliyin Təmir-Tikinti İdarəsinin “Qəza, təmir-bərpa xidməti”nə daxil olmuş çağırışların keyfiyyətlə yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məsələsi də yer alıb. ''Təbii qazdan təhlükəsiz istifadə aylığı'' çərçivəsində qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi tərəfindən qaz təsərrüfatı obyektlərinə və avadanlıqlara baxışların sayı artırılacaq. Eyni zamanda, qeyri-standart qaz cihazları və avadanlıqlarının istismardan çıxarılmasına nəzarət də gücləndirilib.

Qeyd edilən müddətdə Regional Qaz İstismar İdərələri, Abşeron, Sumqayıt və Bakı şəhəri üzrə qaz istismar sahələri gücləndirilmiş iş rejimində işləyəcək. Artıq məsul şəxslərdən ibarət növbətçilik sistemi təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR