ABŞ-ın tanınmış universitetində Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhvəsi müzakirə olunub

ABŞ-ın tanınmış universitetində Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhvəsi müzakirə olunub
# 12 aprel 2016 03:57 (UTC +04:00)

Bakı-APA. Atlanta şəhərində yerləşən ABŞ-ın aparıcı və tanınmış təhsil ocaqlarından olan Corciya Texnologiya (Georgia Tech) Universitetinin Səm Nan Beynəlxalq Əlaqələr İnstitutunda "Avropa və Avrasiyada dəyişən enerji landşaftı: Yeni təhdid və imkanlar" adlı konfransı keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, konfransda əsas məruzəçi qismində Azərbaycanın ABŞ-da səfiri Elin Süleymanov çıxış edib.

Elin Süleymanov çoxsaylı tədbir iştirakçılarına Azərbaycanın dünya enerji xəritəsində yer alan ilk ölkələrdən biri olduğunu bildirərək müstəqilliyini bərpa etdikdən sonra da Azərbaycanın bu sahədə əhəmiyyətli rolu barədə danışıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən bir neçə il sonra ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi nəticəsində gündəmə gətirilmiş və reallığa çevrilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin Xəzər dənizi hövzəsi ilə Aralıq dənizi arsında təmas yaradaraq dünya enerji xəritəsini dəyişdiyini və bundan əlavə Azərbaycan, Türkiyə və Gürcüstan arasında könüllü və olduqca uğurlu tərəfdaşlığın başlanğıcı olduğunu deyib.

Diplomat bildirib ki, bu tərəfdaşlığın davamı Avropa enerji təhlükəsizliyinin təmin olunmasında olduqca vacib rol oynayacaq 45 milyard ABŞ dolları dəyərində olan irimiqyaslı Cənub Qaz Dəhlizi layihəsinin yerinə yetirilməsində də öz əksini tapıb. O qeyd edib ki, bu möhtəşəm, tarixi layihənin irəliləməsində əsas rolu Azərbaycan prezidenti İlham Əliyev oynamaqdadır. Bildirilib ki, Cənub Qaz Dəhlizinin vacib hissəsi olan Trans Anatoliya boru kəməri (TANAP) layihəsi üzrə razılaşma məhz Azərbaycan və Türkiyə rəhbərliyinin şəxsi təşəbbüs və liderliyi sayəsində mümkün olub. Azərbaycan diplomatı həmçinin Cənubi Qaz Dəhlizinin önəmi, onun Avropa coğrafiyasını dəyişdiyini vurğulayıb və hazırda bu layihənin həyata keçirilməsi üzrə daha detallı məlumatı konfrans iştirakçılarına təqdim edib.E.Süleymanov Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Yeni İpək Yolu, eləcə də Azərbaycanda bununla bağlı irimiqyaslı infrastruktur tikintisi barədə məlumat verərək, beləliklə bu yolu istifadəsi Asiya ilə Avropa arasında daşımaların dəfələrlə daha tez həyata keçirməyə imkan verdiyini deyib.

Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə tədbir qonaqlarına ətraflı məlumat verib. O, həmçinin təmas xəttində bir neçə gün əvvəl baş vermiş gərginlikdən danışaraq, Ermənistan tərəfinin cəbhədə bu təxribatının məhz Azərbaycan prezidentinin ABŞ-da olduğu uğurlu səfərdən qayıdarkən həyata keçirməsinin heç də təsadüf olmadığını deyərək rəsmi Yerevanın ilk dəfə deyil ki, belə addıma əl atmasını bildirib. Səfir qeyd edib ki, bu bir daha münaqişədə hazırkı vəziyyətin, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında və bir milyon həmvətənimizin doğma evlərindən didərgin düşməsi halda, davam etməsinin mümkünsüzlüyünü göstərir. O bildirib ki, həll olunmamış bu münaqişə bütün regionun sülh və sabitliyini böyük təhlükə altında saxlayır və eyni zamanda Ermənistanı da regionun normal üzvü kimi integrasiya etməkdən məhrum edir. Bunun üçün isə Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır.

Çıxışından sonra səfir iştirakçıların suallarını cavablandırdı.

Konfrasda iştirak etmiş məruzəçilər - Atlantik Şurası Analitik Mərkəzindən Bad Kut (Bud Coote), “Chevron” şirkətinin Beynəlxalq Hökumət əlaqələri meneceri Cey Tompson (Jay Thompson), Səm Nan Beynəlxalq Əlaqələr İnstitutunun professorları Adam Stalberq (Adam Stulberg) və Alasdayr Yanq (Alasdair Young) dünyada enerji bazarının spesifikası, o cümlədən burada Azərbaycanın rolunu müzakirə ediblər Müzakirələr zamanı, həmçinin Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin dünyada enerji təhlükəsizliyi baxımından nümunəvi layihə olduğu vurğulanıb.

Atlanta şəhərinə səfəri zamanı E.Süleymanov həmçinin Amerika Yəhudi Komitəsi (AJC) üzvləri ilə görüş keçirib. Görüş zamanı o, Azərbaycanın regionda rolu və ölkəmizdə mövcud olan tolerantlığın çoxəsrlik ənənəsindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR