Daimi Nümayəndəlik: Beynəlxalq ictimaiyyətə qarşı cinayətlərdə cəzasızlığa son qoymaq üçün qətiyyətli tədbirlər görülməlidir

Daimi Nümayəndəlik: Beynəlxalq ictimaiyyətə qarşı cinayətlərdə cəzasızlığa son qoymaq üçün qətiyyətli tədbirlər görülməlidir
# 26 fevral 2016 15:51 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Ermənistan hökuməti, silahlı qüvvələri və tabeliyində olan birləşmələrin Xocalı soyqırımı da daxil olmaqla, beynəlxalq humanitar hüquq və insan haqlarının pozulmasına görə birbaşa məsuliyyət daşıdığını demək üçün yetərli əsaslar var”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Xocalı soyqırımı ilə bağlı yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, Xocalı soyqırımı Ermənistan-Azərbaycan münaqişəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan vətəndaşlarına qarşı həyata keçirilən ən irimiqyaslı qətliamdır: “Erməni birləşmələrinin şəhəri işğal etməsi yüzlərlə azərbaycanlının məhvinə səbəb olmaqla yanaşı, şəhərin yerlə yeksan olmasına gətirib çıxarıb. Xocalı silahlı münaqişələr zamanı mülki vətəndaşların qorunmasının vacibliyini və qanunun aliliyinin təmin edilməsini göstərən faciəvi və qəddar bir xatırlatmadır.

Mülki şəxslərin qorunması beynəlxalq humanitar hüquq və insan haqlarına birmənalı şəkildə əməl edilməsini və bu kimi halların qarşısının alınmasında ciddi səylər göstərilməsini tələb edir. Ədalət, insan ləyaqətinə, hüquq və azadlıqlara hörmət olmadan uzunmüddətli və davamlı sülh mümkün deyil. Beynəlxalq ictimaiyyətə qarşı baş vermiş cinayətlərdə cəzasızlığa son qoymaq üçün daha qətiyyətli tədbirlər görülməlidir. Cəzasızlıq rejiminə görə cinayəti törədənlər Ermənistan və Azərbaycan arasında sülhün nail olunmasına icazə vermir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR