SOCAR-ın DESFA-dakı payı 41%-dək azala bilər

SOCAR-ın DESFA-dakı payı 41%-dək azala bilər
# 14 aprel 2016 08:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Yunanıstanın qazpaylayıcı şirkəti olan DESFA-nın SOCAR-a məxsus 66%-lik səhm paketi 41%-dək azala bilər.


"APA-Economics" xəbər verir ki, bu barədə "İnterfax" Yunanıstan mətbuatına istinadən məlumat verib.


Hazırda Avropanın müvafiq qurumları SOCAR-ın DESFA-dan əldə etdiyi 66%-lik səhmlərin 17%-ni Avropadan olan üçüncü şirkətə satılması məsələsinə baxır. Bu, SOCAR-ın DESFA-dan əldə etdiyi 66%-lik payın 49%-ə qədər azaldılmasına imkan verəcək.

Yunan KİV-i yazır ki, üçüncü şirkətə satılacaq səhm payı 17% deyil, 25% ola bilər: "Bu halda SOCAR-ın DESFA-dakı payı 41% olacaq. Beləliklə, Yunanıstan hökuməti DESFA-nın ikinci ən iri səhmdarı olacaq".

Xatırladaq ki, bundan öncə SOCAR-ın bu ilin sonuna qədər əldə etdiyi səhmlərin 66%-nin 17%-ni üçüncü tərəfə satacağı ilə bağlı razılığa gəlinəcəyi barədə məlumatlar verilib.

Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) SOCAR-ın DESFA-dakı payının 17%-lik hissəsini əldə etmək üçün üç şirkətin namizəd olduğunu açıqlayıb. Onlardan biri İtaliyanın “Snam” şirkəti, Belçikanın “Fluxys” və İspaniyanın “Enagas” şirkətləridir. Belə ki, “Fluxys” DESFA-da 8% səhmə, “Enagas” şirkəti isə 9% səhmə sahib olmaq istəyir. Ancaq bu ilin mart ayında mətbuatda məlumat yayılıb ki, Belçikanın “Fluxys” və İtaliyanın “Snam” şirkətləri DESFA-nın 17%-lik səhm paketini almaqdan imtina ediblər.

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR