Oqtay Əsədov Rusiya mediasında çalışan azərbaycanlı jurnalistləri vətənpərvər mövqe ortaya qoymağa çağırıb

Oqtay Əsədov Rusiya mediasında çalışan azərbaycanlı jurnalistləri vətənpərvər mövqe ortaya qoymağa çağırıb
# 15 aprel 2016 10:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisin plenar iclasında millət vəkilləri aprelin əvvəlində Dağlıq Qarabağda, qoşunların təmas xəttində baş verən hadisələrə münasibət bildirib.

APA-nın məlumatına görə, millə vəkili Zahid Oruc deyib ki, birinci Qarabağ savaşından fərqli olaraq, Rusiya aprel qarşıdurması zamanı balanslı mövqe ortaya qoyub. O, Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntun ədalətli mövqeyini xüsusi vurğulayıb: “Prezident İlham Əliyev həm dinc, həm də müharibə dövrünün lideri olduğunu nümayiş etdirdi. Azərbaycan Qarabağ ermənilərinə də çağırış edir ki, ən rahat yol Azərbaycan Konstitusiyası çərçivəsində ölkəmizdə dinc yaşamaqdır, silahınızı Serj Sarkisyana doğru çevirin”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa millət vəkillərinin şəhidlərinin dəfnində iştirak etməməsi ilə bağlı bəzi media orqanlarında yanlış məlumatlar yayıldığını söyləyib.

Sədr Oqtay Əsədov isə bildirib ki, Azərbaycan müharibə aparmayıb, Ermənistanın təxribatına cavab verib: “Ona görə, Azərbaycan ilk olaraq birtərəfli atəşkəs elan etdi. Azərbaycan ordusu və dövləti 5 günlük müharibədə hər kəsə göstərdi ki, münaqişəni istənilən yolla həll etməyə qadirdir. Müharibə bir həftə davam etsəydi, biz harada olardıq? Azərbaycan birtərəfli qaydada atəşkəs elan etməklə münaqişəni sülh yolu ilə həll etmək istədiyini ortaya qoydu. Danışıqlar prosesi ilə bağlı ortaya yeni motivlər çıxıb”.

Elmira Axundova Azərbaycan ordusunun apardığı uğurlu əməliyyatlar dövründə Rusiya telekanallarında Azərbaycana obyektiv münasibət sərgilənmədiyini, Rusiya saytlarında müəyyən qədər fərqli durum müşahidə olunduğunu qeyd edib: “Mən Azərbaycan diasporuna, azərbaycanlı biznes nümayəndələrinə müraciət edirəm. Onları biznes maraqlarını kənara qoyub, vətənpərvər mövqe ortaya qoymağa çağırıram”.

O. Əsədovun fikrincə, diaspordan əvvəl Rusiya telekanallarında, mediasında çalışan azərbaycanlı jurnalistlərə müraciət etmək lazımdır: “Rusiya mediasında azərbaycanlılar azdır? Birinci onlara müraciət etmək lazımdır. Erməni Rusiya televiziyasında işləyir, imkan gələndə də sözünü deyir. Bizim azərbaycanlı jurnalistlər də məqamı gələndə azərbaycanlı kimi sözlərini deməlidirlər”.

BAXCP sədri Qüdrət Həsənquliyev bəzi şəhidlərin gizli dəfn olunması, həmin mərasimlərində millət vəkilləri və dövlət xadimlərinin iştirak etməməsi barədə iddiaların tamamilə əsassız olduğunu deyib: “Biz Naxçıvanda şəhid leytenant Qabil Orucəliyevin dəfn mərasimində iştirak edirdik. Şəhidin əmisi bizə dedi ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun anası vəfat edib, ancaq o, ilk olaraq şəhidin dəfninə gəlib. Əli Kərimov kimilərin iddiaları əsassızdır. Bir zaman Avropa Komissiyasının iclasında müharibə əleyhdarı kimi çıxış edən Əli Kərimovun indi müharibə tərəfdarı kimi çıxış etməsi riyakarlıqdır”.

Ana Vətən Partiyasının sədri Fazil Ağamalı Azərbaycan xalqının prezident, Ali Baş Komandan İlham Əliyevlə birgə olduğunu vurğulayıb: “Mən Mətbuat Şurasının sədrinə müraciət edirəm. Sosial şəbəkələrdə milli maraqlara zidd müzakirələrə son qoyulmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR