Təhsil Problemləri İnstitutu: Azərbaycanda fənn kurrikulumlarını lazımınca dərk edən müəllim və metodistlər azdır

Təhsil Problemləri İnstitutu: Azərbaycanda fənn kurrikulumlarını lazımınca dərk edən müəllim və metodistlər azdır
# 22 dekabr 2015 12:53 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycanda 2007-ci ildən fənn kurrikulumunun tətbiq olunmasına baxmayaraq, fənn kurrikulumlarını lazımınca dərk edən müəllim, məktəb rəhbərləri, metodistlər azdır. Müəllimlər, məktəb rəhbərləri, metodistlər bu işdə kifayət qədər çətinliklə üzləşirlər”.

APA-nın xəbərinə görə, bunu Təhsil Problemləri İnstitutunun (TPİ) Əlavə təhsilin kurrikulumu şöbəsinin müdiri Afaq Əliyeva “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və təhsildə metodik xidmət” mövzusunda elektron təqdimat-məruzəsində deyib.


O bildirib ki, 2011-ci ildən Azərbaycanın bütün məktəblərində fənn kurrikulumları ilə bağlı seminarların keçirilməsinə baxmayaraq, bu sahədə problem hələ də qalmaqdadır: “Eyni zamanda, artıq 4 ildir ki, Təhsil Nazirliyi çox şəffaf şəkildə imtahanlar keçirir və bu imtahanlar vasitəsilə müəllimlər işə qəbul olunur, onlar vakant yerlərə təyin olunurlar. Gəlin baxaq, imtahanlarda yüksək nəticə göstərən müəllimlərin doğrudanmı hamısı fənn kurrikulumlarının tətbiqində, yaxud innovativ metodların reallaşdırılmasında özünü doğruldur?!”


Şöbə müdiri əlavə edib ki, məktəb rəhbərləri metodistlərin daim məktəbdə olmasında maraqlı olmalıdırlar: “Habelə regionlarda müəllimlərin dərsliklərdən istifadə bacarıqlarının təkmilləşdirilməsinə ehtiyac var. Müəllimlər dəfələrlə dərsliklərlə işləməkdə çətinlik çəkdiklərini səsləndirirlər. Lakin 4 və 6-cı siniflərin “Azərbaycan dili” və “Riyaziyyat” dərsliklərindən istifadə bacarıqları ilə bağlı qiymətləndirməsi keçirildi. Nəticədə məlum oldu ki, bəzi problemlər müəllimlərin peşəkar hazırlığı ilə bağlıdır”.

A. Əliyeva qeyd edib ki, metodik kabinetlərin tədris ilinin sonunda gördüyü işlər haqqında TPİ-na hesabatlarını təqdim ediblər: “Təqdim olunan hesabatlar araşdırılıb, şəhər və rayonlar üzrə metodik kabinetlərdə görülmüş işlərin vəziyyəti ümumiləşdirilib. Araşdırma zamanı məlum olub ki, metodik kabinetlər fəaliyyətlərini öz əsasnamələrinə uyğun qurmaqda çətinlik çəkiblər. Ümumiyyətlə, təhsil sahəsində ən aşağı maaşı metodistlər alır. Bu gün metodistlərin əmək haqlarının artırılmasına ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR