Teatr və konsert müəssisələrinin fəaliyyətinə həsr edilmiş müşavirə keçirilib

Teatr və konsert müəssisələrinin fəaliyyətinə həsr edilmiş müşavirə keçirilib
# 12 may 2016 10:42 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev teatr və konsert müəssisələrinin fəaliyyətinə həsr edilmiş müşavirə keçirib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ə. Vəliyev həyata keçirilən mədəniyyət siyasəti, dövlətin bu sahəyə diqqət və qayğısı barədə danışıb. Son illər ölkə başçısının müvafiq sərəncam və tapşırıqları ilə teatr-konsert müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırıldığı, mədəniyyət sahəsində çalışan insanların, o cümlədən teatr xadimlərinin dövlətin qayğısı ilə əhatə olunduğu diqqətə çatdırılıb.

Müşavirədə qeyd olunub ki, uğurlarla yanaşı, nöqsanlar da üzə çıxır. Bəzi teatr-konsert müəssisələri hələ də tam gücü ilə işləməyə səy göstərmir, teatr rəhbərləri bəzən öz işlərinə laqeyd yanaşırlar. Bildirilib ki, bölgə teatrlarının fəaliyyəti də qənaətbəxş səviyyədə deyil. Teatrların repertuar siyasətində qüsurlar qalmaqdadır. Bəzən nazirlik tərəfindən təsdiq olunan repertuar sonradan teatr tərəfindən dəyişdirilir. Artıq bu istiqamətdə monitorinq aparılır. Nəticəyə görə konkret addımlar atılacaq. Respublika üzrə qastrol səfərləri yox dərəcəsindədir. Teatrlar bütün gücü gündüz tamaşalarına yönəldib.

Nazir müavini turizm şirkətləri ilə teatr-konsert müəssisələrinin birgə əməkdaşlıq məsələlərinə də toxunub. İl ərzində bu məsələ ilə bağlı tapşırığın verildiyini bildirərək teatrların hələ də bu məsələyə lazımınca yanaşmadıqlarını vurğulayıb.

Reklam, internet resurslardan istifadə, mətbuatla sıx əməkdaşlıq məsələləri barədə fikrilərini bölüşən Ə.Vəliyev teatr-konsert müəssisələrini mətbuatla mütəmadi əlaqə yaratmağa, fəaliyyətlərini informasiya şəklində tamaşaçıya çatdıraraq daha geniş tamaşaçı diqqəti çəkməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR