"İnsan hüquqları" aylığı çərçivəsində Silahlı Qüvvələrdə tədbirlər keçiriləcək

"İnsan hüquqları" aylığı çərçivəsində Silahlı Qüvvələrdə tədbirlər keçiriləcək
# 18 may 2016 12:37 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda "İnsan hüquqları" aylığı çərçivəsində Silahlı Qüvvələrdə bir sıra tədbirlər keçiriləcək.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Silahlı Qüvvələrin bütün birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində insan hüquqlarının və azadlıqlarının mahiyyətindən, onların pozulması və qarşısının alınması yollarından bəhs edən mövzularda konfranslar, "dəyirmi masalar", əhali ilə görüşlər, maarifləndirici seminarlar və digər tədbirlər təşkil olunacaq.

İnsan hüquqlarını təbliğ edən mövzularda keçirilən tədbirlərdə iştirakçıları maraqlandıran suallar mütəxəssislər, ekspertlər, hüquqşünaslar və s. tərəfindən cavablandırılacaq.

Qeyd edək ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə ölkədə hər il qeyd olunan 18 iyun - İnsan Hüquqları Günü ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təşəbbüsü ilə ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək Azərbaycanda "İnsan hüquqları" aylığı keçirilir.

Bu aylıq çərçivəsində hər il dövlət qurumları, QHT, KİV, icmalar və beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları sahəsində əməkdaşlığın davamı olaraq dövlət başçısının 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR