Moldovada etirazçılar hakimiyyətə ultimatum verib

Moldovada etirazçılar hakimiyyətə ultimatum verib
# 11 sentyabr 2015 15:26 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Moldovada etirazçılar hakimiyyət dairələrinə ultimatum göndərərək, bəzi dövlət strukturları rəhbərlərinin istefaya göndərilməsi üçün hökumətin və parlamentin fövqəladə iclasını çağırmağı tələb ediblər.

APA-nın “Sputnik" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Milli Məclis Şurasının sədri Andrey Nestase mətbuat konfransında bildirib.

O, Milli Bank, baş prokurorluq, antikorrupsiya mərkəzi, Mərkəzi Seçki Komissiyası və Ali Məhkəmə Palatası sədrlərinin istefasını tələb etdiklərini vurğulayıb.

Etirazçılar bildiriblər ki, hakimiyyət onların tələbini yerinə yetirməkdən imtina edib, ona görə də ölkə vətəndaşlarının etiraz aksiyalarının miqyasını genişləndirməkdən başqa yolu qalmır.

A.Nestase dünən aksiya iştirakçılarının ölkə rəhbərliyi ilə danışıqları dayandırmaq və 13 sentyabr tarixində daha geniş miqyaslı mitinqə başlamaq qərarını açıqlamışdı. Onun sözlərinə görə, ölkə rəhbərliyi etirazçıların tələbini eşitmək istəmir, ona görə də növbəti danışıqların və ölkə prezidenti Nikolae Timofti ilə görüşmək planlarının heç bir mənası yoxdur.

Qeyd edək ki, prezident sentyabrın 8-də mitinq iştirakçılarının istefa tələbini rədd edib.

Xatırladaq ki, Kişinyovun mərkəzində “Ləyaqət və ədalət” hərəkatı tərəfindən təşkil olunan etiraz aksiyaları sentyabrın 6-da başlayıb.

Müxtəlif mənbələrin məlumatına görə, mitinq iştirakçılarının sayı 20-100 min arasındadır. Onların əsas tələbi ölkə prezidentinin istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR