2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib
# 30 avqust 2017 10:31 (UTC +04:00)

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrə əsasən, “Təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçiriləcək tədbirləri əhatə edən nazirliyin Fəaliyyət planı təsdiqlənib.

2017-2018-ci dərs ilində ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi ilə aktual problemlərə həsr olunmuş pedaqoji mühazirələr keçiriləcək. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə tapşırılıb ki, şura iclaslarında və təhsil işçilərinin sentyabr konfranslarında 2017-2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” elan olunmasının əsas məqsədi və mahiyyəti, bununla əlaqədar qarşıda duran vəzifələr haqqında məktəb rəhbərlərinə ətraflı məlumat versinlər, eyni məzmunlu məlumatların məktəb pedaqoji kollektivlərinə çatdırılmasını təmin etsinlər, nazirliyin Fəaliyyət planında nəzərdə tutulan hədəflərin vaxtında yerinə yetirilməsi istiqamətində məqsədyönlü təşkilati-pedaqoji tədbirlər həyata keçirsinlər, pedaqoji mühazirələrin müəyyən olunmuş qayda üzrə təşkili üçün zəruri tədbirlər görsünlər. Ümumi və məktəbəqədər təhsil şöbəsi, həmçinin Təhsilin inkişafı proqramları şöbəsi nazirliyin fəaliyyət planının yerlərdə yerinə yetirilməsini müntəzəm nəzarətdə saxlamalı, nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı yerli təhsili idarəetmə orqanlarına təşkilati-metodik köməklik göstərməli, planın yerinə yetirilməsi vəziyyətini öyrənmək məqsədilə yerlərə ezamiyyələr təşkil etməli, dərs ili ərzində seçmə yolla təhsil şöbələrinin (idarələrinin) müdirlərinin nazirlikdə hesabatlarını dinləyib müvafiq təkliflər hazırlamalıdırlar.


Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR