Külli miqdarda güclü təsir edən maddələrin qanunsuz ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Külli miqdarda güclü təsir edən maddələrin qanunsuz ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
# 28 mart 2018 08:35 (UTC +04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda güclü təsir edən maddənin Azərbaycan gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Ankara-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı "X-Ray" aparatı ilə yoxlanılıb. Yoxlama zamanı, vətəndaşa məxsus çamadandakı əşyaların təsvirləri və özünün hərəkətləri şübhə doğurduğu üçün o, gömrük əməkdaşları tərəfindən saxlanılıb. Yükün təkrar yoxlanılması nəticəsində isə sellofanlara bükülmüş vəziyyətdə, üzərində "LYRICA Pfızer Pregabalin 300 mg kapsül" sözləri yazılmış 120 konvalyut - cəmi 1680 ədəd kapsul aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən kapsullar preqabalin adlı dərman preparatıdır. Ümumi sayı 1680 ədəd olan kapsulda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 504 qram təşkil edir.

Xatırladaq ki, preqabalin Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR