İndoneziyalı diplomatlar məcburi köçkünlərlə görüşüblər

İndoneziyalı diplomatlar məcburi köçkünlərlə görüşüblər
# 29 avqust 2017 14:33 (UTC +04:00)

Azərbaycanda səfərdə olan İndoneziya Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya idarəsinin direktoru Ferdi Piayın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 29-da Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub.


APA-nın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin saytına istinadən verdiyi məlumata görə, komitənin sədr müavini Fuad Hüseynov və Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qonaqları müşayiət ediblər.

Fuad Hüseynov indiyədək həyata keçirilən tədbirlər barədə ətraflı məlumat danışıb. O bildirib ki, bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və torpaqlar işğaldan azad edildikdən sonra onlar öz doğma torpaqlarına qayıdacaqlar. Burada yeni mənzillərlə təmin olunan məcburi köçkünlərin də əvvəllər yataqxanalarda məskunlaşdıqlarını diqqətə çatdıran komitə sədrinin müavini vurğulayıb ki, indiyədək daha ağır vəziyyətdə yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə respublikanın müxtəlif ərazilərində bu cür bütün zəruri sosial-texniki infrastruktura malik 96 müasir tipli qəsəbə salınıb, 250 min nəfər bu qəsəbələrə köçürülüb. F. Hüseynov qeyd edib ki, doğma yurdlarını tərk etmiş bu insanların bütün problemlərinin həllini Azərbaycan hökuməti öz üzərinə götürüb.


Sonra qonaqlar məhəllədəki 540 şagird yerlik 33 saylı Zəngilan rayon tam orta məktəbində və Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində olublar.


Daha sonra nümayəndə heyəti Yasamal rayonu ərazisində Memarlıq və İnşaat Universitetinin yataqxanasında məskunlaşmış Füzuli rayonundan məcburi köçkün Adıgözəlova Xatirə Əli qızının mənzilində olub və ailə ilə söhbət ediblər.


Məcburi köçkünlər üçün yaradılan hərtərəfli şəraitdən məmnunluqlarını ifadə edən qonaqlar söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıtmalarının zəruriliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR