Ağcabədidə yanan binada fəaliyyət göstərən uşaq bağçası yerlə təmin olunub

Ağcabədidə yanan binada fəaliyyət göstərən uşaq bağçası yerlə təmin olunub
# 11 sentyabr 2017 15:41 (UTC +04:00)

Ağcabədidə yanan klubda fəaliyyət göstərən uşaq bağçası müvəqqəti yerlə təmin olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Hüsülü kənd 2 saylı körpələr evi - uşaq bağçası kənd bələdiyyəsinin binasına köçürülüb.

Körpələr evi - uşaq bağçasının müdiri Aybəniz Xəlilova APA-ya bildirib ki, yanğın zamanı müəssisəyə xeyli ziyan dəyib. Yanğından mühafizə olunan əşyalar yeni binaya köçürülüb. 3 qrupdakı 55 uşaq yaxın günlərdə yenidən bağçaya gələ biləcəklər.

Qeyd edək ki, yanğın baş verən binada məcburi köçkünlər də yaşayıb.

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov APA-ya bildirib ki, hazırda FHN əməkdaşları hadisə yerində araşdırma aparır, yanğının baş vermə səbəblər araşdırılır: “Paralel olaraq həmin binada məskunlaşan ailələrə dəyən ziyanın miqdarı araşdırılır. Ailələrin evlə təminatına gəlincə, ilkin olaraq onların müvəqqəti gecələmələri üçün şərait yaradılacaq. Sosial yardım da göstəriləcək. Hazırda evlə təmin olunma mümkün olmasa da, yaxın gələcəkdə mənzil problemi həll olunacaq”.

Xatırladaq ki, dünən Ağcabədinin Hüsülü kəndində klub binasının məcburi köçkünlər məskunlaşan hissəsində elektrik naqillərində qısaqapanma nəticəsində yanğın baş verib.

Ümumilikdə 6 məcburi köçkün ailənin yaşadığı binada yanğın zamanı 3 ailənin yaşadığı otaqlar - 192 kvadratmetr sahədə yanıb.

Binada Hüsülü kənd uşaq bağçası da fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR