Prokuror "Lotu Quli"nun qohumuna cəza istəyib

Prokuror "Lotu Quli"nun qohumuna cəza istəyib
# 06 dekabr 2017 10:01 (UTC +04:00)

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qohumu Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.

Daha sonra iclasda prokuror çıxış edib. Dövlət ittihamçısı M. Namazovun ittiham olunduğu 234.4.3-cü maddənin 234.1-ci maddəyə tövsif edilməsini, həmçinin 228.2.2-ci maddənin 228.1-ci maddəyə tövsif edilməsini, onun 4 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Proses dekabrın 8-də davam edəcək.

Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun idarə etdiyi avtomobildən külli miqdarda narkotik vasitə aşkar olunub.

Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR