Neftçalada evdən oğurluq edən qohumlar tutulub

Neftçalada evdən oğurluq edən qohumlar tutulub
# 27 oktyabr 2017 09:58 (UTC +04:00)

Neftçala rayon Qaraqaşlı kənd sakini Sevda Həsənova oktyabrın 25-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bir gün əvvəl yaşadığı evdən 5000 manat dəyərində qızıl-zinət əşyalarının və 80 manat pulun oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri, 17 yaşlı Murad Eyvazov və onun əmisi oğlu 22 yaşlı Camal Eyvazov şübhəli şəxs qismində saxlanılaraq Neftçala RPŞ-yə gətirilib.

Onlar törətdikləri cinayəti etiraf ediblər. Belə ki, ev sahibinin evdə olmadığından istifadə edərək pəncərədən daxil olmaqla evdən 2 ədəd qızıl boyunbağı, 3 ədəd qızıl üzük, 1 cüt və 1 ədəd qızıl sığa, 3 ədəd qızıl kulon, 3 qızıl diş oğurlayıblar. Saxlanılan şəxslərin qeyd edilən qızılları Qaraqaşlı kəndində yol kənarında basdırdıqları aşkar olunub və maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanıb. Hər iki şəxsin digər cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi məqsədi ilə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR