Baş anestezioloq: “Bizdə xəstələr ağır durumda və son anda əməliyyata müraciət edirlər”

Baş anestezioloq: “Bizdə xəstələr ağır durumda və son anda əməliyyata müraciət edirlər”
# 17 oktyabr 2017 09:57 (UTC +04:00)

Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Anestezioloq Günü ilə əlaqədar tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu Aydın Qədirov bildirib ki, əgər ölkədə cərrahiyyə sahəsi inkişaf edirsə, bunun əsasında anesteziologiya-reanimatologiya durur. O deyib ki, Azərbaycanda xəstələrin vəziyyətinin ağırlığı ilə bağlı problemlər var: “Avropada və digər ölkələrdə belə deyil. Hər kəs xəstəliklərin ilk dövründən həkimlərə müraciət edərək lazımi müayinə və müalicə almalıdır. Amma bizdə fəsadlarla əməliyyat masasına gəlmiş xəstələr var ki, sonradan vəziyyətləri ağırlaşır. Dünya ölkələrində hər hansı bir patologiya üzrə əməliyyatda ağırlıq dərəcəsi 1-2 olduğu halda, bizim ölkədə bu göstərici 4-5 olur. Çünki xəstələr ağır və son anda əməliyyata müraciət edirlər. Tövsiyə edərdim ki, xəstəliklərin aşkarlandığı ilkin dövrlərdən müraciət etmək lazımdır”.

A. Qədirov qeyd edib ki, xüsusilə uşaqların əməliyyatı zamanı diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, əməliyyatdan əvvəl uşağa mütləq pediatr baxmalıdır.

Tədbirin davamında BSM-in anestezioloji şöbəsinin əməkdaşları çıxış edərək bu sahədəki vəziyyətlə bağlı məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR