Azərbaycan sığorta bazarının 60%-dən çoxu könüllü formalaşıb

Azərbaycan sığorta bazarının 60%-dən çoxu könüllü formalaşıb
# 23 iyul 2015 10:59 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu ilin I yarısında Azərbaycanda toplanan sığorta haqlarının 63,3%-i və ya 153,3 mln. manatı könüllü sığorta növlərinin payına düşüb ki, bu, ötən ilin eyni dövrüylə müqayisədə 8,2% çoxdur.

"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov ənənəvi keçirilən brifinqdə bildirib.

İcbarı sığorta növlərində yığım isə 89,1 mln. manat və ya bazarın 35,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 26,7% böyüyüb.

Yarım ildə ümumi ödənişin 77,7%-i və ya 71,6 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 55,7% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 20,5 mln. manat və ya ümumi bazarın 22,3%-ni təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 5,7% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 46,7 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 32,5 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,6 manatdan 23 manata düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR