Mübariz Qurbanlı Fransa səfiri ilə görüşüb

Mübariz Qurbanlı Fransa səfiri ilə görüşüb
# 14 oktyabr 2016 13:29 (UTC +04:00)

Bakı – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransanın Azərbaycandakı səfiri xanım Oreliya Buşezlə görüşüb.

Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, M. Qurbanlı Azərbaycan-Fransa münasibətlərinin yüksək səviyyədə qurulduğunu deyərək Fransanın Avropa ölkələri arasında Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu vurğulayıb. O, komitənin fəaliyyəti barədə danışaraq bildirib ki, komitə dövlətin din siyasətini həyata keçirir, din sahəsində qəbul olunmuş qərarların yerinə yetirilməsinə nəzarət edir. Azərbaycanın dünyəvi dövlət olduğunu xatırladan M. Qurbanlı dini ekstremizmə və radikallığa qarşı mübarizədə komitənin fəaliyyəti barədə məlumat verib. O, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi bölgədə sülhün təmin olunmasına öz töhfəsini verə biləcəyinə ümidvar olduğunu da diqqətə çatdırıb.

Xanım O. Buşez isə Azərbaycanda dövlət-din, konfessiyalararası münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, nümunəvi multikultural və tolerant mühitin mövcud olduğunu bildirib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsində Fransanın da maraqlı olduğunu söyləyib. O, ATƏT-in Minsk qrupunun həmsədri olaraq Fransa dövlətinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daim dəstək verdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR