Gürcüstanda azərbaycanlı icra başçısı ombudsmanın iradına münasibət bildirib

Gürcüstanda azərbaycanlı icra başçısı ombudsmanın iradına münasibət bildirib
# 16 noyabr 2017 07:58 (UTC +04:00)

Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı Temur Abazov ombudsmanın gender bərabərliyi ilə bağlı çağırışına münasibət bildirib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, T. Abazov Qaçağan kəndində aparılan infrastruktur işləri ilə tanış olduğunu və kənd sakinləri ilə spontan olaraq görüşdüyünü deyib. O bildirib ki, həmin vaxt yalnız kişilər kəndin mərkəzində olub və icra hakimiyyəti nümayəndələrinin öncədən planlaşdırılmış görüşü nəzərdə tutulmayıb.


T. Abazov qeyd edib ki, rayon icra hakimiyyətinin nümayəndələri kişilər kimi, qadınların da fəal olaraq qatıldığı bir sıra görüşlər keçirib.


Qeyd edək ki, noyabrın 15-də Gürcüstan ombudsmanı Uça Nanuaşvili T. Abazovu gender bərabərliyini təbliğ etməyə çağırıb. Buna səbəb noyabrın 13-də T. Abazovun Qaçağan kəndində yerli sakinlərlə keçirdiyi görüşdə yalnız kişilərin iştirak etməsi olub. Görüş iştirakçılarının sözlərinə görə, qadınların görüşə gəlməməsinin səbəbləri onların kəndin mərkəzinə gəlməyə icazələrinin olmaması və xörək hazırlamasıdır. Məlumatlara əsasən, T. Abazov da yerli sakinlərlə razılaşıb və qadınların xörək hazırlamalı olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR