Səfir: “Niderland şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə maraq göstərir”

Səfir: “Niderland şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə maraq göstərir”
# 19 oktyabr 2016 15:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat naziri Şahin Mustafayev Niderland Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Onno Kerversi qəbul edib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan-Niderland iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə Ş. Mustafayev qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu vurğulayıb, Niderlandla kənd təsərrüfatı, sənaye, nəqliyyat, ekologiya, təhsil və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Ş. Mustafayev qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, quşçuluq, gülçülük və tərəvəzçiliyin inkişafında Niderlandın təcrübəsindən istifadə etmək olar. Bildirilib ki, Niderland şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 330 mln. manat investisiya yatırılıb. Hazırda bu ölkənin şirkətləri Azərbaycanda dib dərinləşdirmə, göllərin bərpası, suyun təmizlənməsi və s. layihələrdə uğurla fəaliyyət göstərir. Bununla yanaşı, iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün sənaye parklarında və zonalarında əlverişli şərait yaradılıb və Niderland şirkətləri bu imkanlardan yararlana bilərlər.

O. Kerversi ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu, səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsinə dəstək göstərəcəyini vurğulayıb. Səfir Niderland şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə maraq göstərdiyini qeyd edib, görüşdə səsləndirilən təkliflərin potensial investorlara çatdırılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR