Özünüməşğulluq proqramı ilə bağlı 244 iştirakçının biznes-planı uğurlu hesab edilib

Özünüməşğulluq proqramı ilə bağlı 244 iştirakçının biznes-planı uğurlu hesab edilib
# 16 noyabr 2016 12:13 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramı üzrə təşkil etdiyi təlim kurslarına indiyədək respublikanın 68 şəhər və rayonu üzrə 1 295 nəfər işaxtaran və işsiz vətəndaş cəlb edilib ki, onlardan artıq 469 nəfəri bu kursları başa çatdırıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar nazirlik tərəfindən kursları yekunlaşdırmış vətəndaşların öz biznes-planlarını müdafiə etmələri məqsədilə qiymətləndirmə prosesinə başlanılıb. Biznes-planların qiymətləndirilməsində 3 meyar - biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsas götürülüb.

2-3 və 10-11 noyabr tarixlərində keçirilən ilk qiymətləndirmələrdə kursları bitirmiş 469 nəfər şəxsdən 16 rayon (Beyləqan, Ağcəbədi, Salyan, Hacıqabul, Bərdə, Tərtər, Xocavənd, Laçın, Ağdam, Şirvan, Neftçala, Yevlax, Füzuli, Cəbrayıl, Biləsuvar, Sabirabad) üzrə 304 nəfər öz biznes-planları ilə iştirak edib. Qiymətləndirmə nəticəsində həmin şəxslərdən 244 nəfər iştirakçının özünüməşğulluq fəaliyyətinə dair hazırladıqları biznes-planlar uğurlu hesab edilib. Müsbət qiymətləndirilmiş həmin biznes-planların 83,6%-i kənd təsərrüfatı, 9,4%-i xidmət, 6,6%-i istehsal və 0,4%-i ticarət sahəsini əhatə edir. Növbəti mərhələdə uğurlu biznes-planlar əsasında işaxtaran və işsiz vətəndaşların ailə bizneslərinin qurulması məqsədilə onların mal və materiallarla təmin edilməsi tədbirləri görüləcək.

Növbəti qiymətləndirmənin isə noyabrın 24-25-də keçirilməsi planlaşdırılıb. Ümumiyyətlə, kursları bitirən digər vətəndaşların da hazırladıqları biznes-planların müdafiəsi ilə bağlı müvafiq qrafik üzrə qarşıdakı dövrdə də qiymətləndirmələrin keçirilməsi təmin olunacaq.

Qeyd edək ki, özünüməşğulluq proqramı işaxtaran və işsiz vətəndaşların əmək potensiallarına uyğun ailə biznesləri qurmalarının dəstəklənməsinə yönəlib. Proqramda respublikanın şəhər və rayonları üzrə ümumilikdə 1 500 nəfər işaxtaran və işsiz vətəndaşın iştirakı təmin ediləcəkdir. Hər bir şəhər və rayon üzrə iştirakçıların sayı onlardakı ev təsərrüfatlarının xüsusi çəkisi nəzərə alınmaqla müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilmiş qiymətləndirmələrin nəticələrinə dair məlumatlar (biznes-planları uğurlu hesab edilmiş şəxslərin siyahıları, bu biznes-planların məzmunu, aid olduğu iqtisadi fəaliyyət sahəsi və s.) nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) ayrıca bölmədə təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR