Füzulidə 28 min əhalinin yaşadığı məntəqələri birləşdirən yol tikilib

Füzulidə 28 min əhalinin yaşadığı məntəqələri birləşdirən yol tikilib
# 12 oktyabr 2016 10:40 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı tikinti işləri yekunlaşıb.

"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, avtomobil yolunda xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişi xeyli çətinləşirdi, rayon mərkəzinə sərnişin və yük daşımasında problemlər yaşanırdı. Artıq bu problemlər köklü şəkildə aradan qaldırılıb.

Uzunluğu 32,5 km olan Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2,5 metr olmaqla, yol yatağının eni 12 metr təşkil edir.

Layihə çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilib. Qum-çınqıl və optimal qırmadaş qarışıqlarından ibarət yol geyiminin əsasının və 20 yerdə su keçidlərinin, həmçinin su borularının tikintisi işləri aparılıb. Yuxarıda sadalanan işlərə paralel olaraq yola 2 qat olmaqla asfalt-beton örtüyü döşənib. Ümumilikdə 230 min kvadratmetr ərazi asfaltlanıb.

Sözügedən avtomobil yolu rayonun 13 yaşayış məntəqəsindən keçir. Hazırda yol boyu çiyinlərin bərkidilməsi işləri aparılır. Yolun zəruri olan yerlərində yol nişanlarının quraşdırılması və xətlənməsi işlərinin də yaxın müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR