Aİ, BMTİP ilə birgə Azərbaycanda peşə təhsili və inkişaf potensialının gücləndirilməsinə davamlı dəstək göstərəcəklərini bəyan ediblər

Aİ, BMTİP ilə birgə Azərbaycanda peşə təhsili və inkişaf potensialının gücləndirilməsinə davamlı dəstək göstərəcəklərini bəyan ediblər
# 06 iyun 2018 14:12 (UTC +04:00)

Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi layihəsi çərçivəsində bu gün Cəlilabadda cənub regionu üzrə peşə təhsili və təlimi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan fəaliyyətlərə start verilib.

BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən xəbərə görə, layihənin açılış mərasimində çıxış edən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Ofisinin Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti biliyə əsaslanan iqtisadiyyatın inkişafında yerli insan resurslarının əhəmiyyətini xüsusilə vurğulayıb və peşə təhsilinin inkişaf etdirilməsi üçün qlobal trendlərə nəzər salmaq və dünya praktikasına istinad etməyin vacibliyini, bununla bərabər əmək bazarının tələblərinə cavab verən metodik vəsaitlər və yeni kurikulumlar hazırlamaqla cəmiyyətdə məşğulluq imkanlarının genişləndirilməsinə nail olmağın mümkünlüyünü diqqətə çatdırıb.

Layihə çərçivəsində Cəlilabad Peşə Liseyini kənd təsərrüfatı və istehsalat sektorları peşələri üzrə ixtisaslaşan Lənkəran İqtisadi Rayonu üzrə müasir Regional Model Peşə Təhsili Mərkəzinə çevirməklə, onun maddi-texniki bazası və təlim-tədris imkanlarının gücləndiriləcəyi planlaşdırılır. Bu, yerli əmək bazarının tələblərinə müvafiq olaraq dövlət və özəl sektor arasında tərəfdaşlığın əhəmiyyətini gücləndirəcək və təhsillə məşğulluq arasında körpünün yaradılmasına xidmət edəcək.

Layihənin açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas bildirib ki, "Cəlilabad Peşə Liseyini kənd təsərrüfatı və istehsalat sahələri üzrə ixtisaslaşan müasir Regional Model Peşə Təhsili Mərkəzinə çevirməkdə müvəffəq olmaq üçün hamı birlikdə çalışmalıdır. Səfir Yankauskas inkişaf naminə tərəfdaşlığın əhəmiyyətinə toxunaraq onu da vurğulayıb ki, yalnız güclü əməkdaşlıq vasitəsilə mövcud potensialı daha da genişləndirmək, bacarıqları inkişaf etdirmək və əlavə enerji imkanları yaratmaq mümkündür".

Qeyd edək ki, yeni başlamış layihə çərçivəsində Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı layihənin əsas tərəfdaş və benefisiarları olan Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə sıx əməkdaşlıq edirlər.

Layihənin əsas məqsədi yerli icmaların bacarıqlarının artırılması, insan kapitalının inkişaf etdirilməsi və biliyə əsaslanan cəmiyyətin formalaşmasına yardım etməkdən ibarətdir. Buna nail olmaq üçün, layihə çərçivəsində kənd təsərrüfatı və istehsalat sektorları üzrə tələbələrin ixtisaslaşdırılması və onların peşə hazırlığının artırılmasına yardım edən maddi-texniki baza yaradılacaq. Azərbaycanda texniki-peşə təhsil sisteminin güclü bir modelə çevrilməsi istiqamətində çalışaraq, layihə tərəfdaşlıq və birgə iştirak prinsiplərini dəstəkləyir.

Layihə, inkluziv və ədalətli təhsil və həyat boyu öyrənmək imkanının təmin olunması, cəmiyyətin həssas təbəqələrindən olan işçi qüvvəsi, o cümlədən, gənclər və ucqar kənd ərazilərində yaşayan icma nümayəndələrinin əmək bazarında layiqincə təmsil oluna bilməsi üçün müvafiq şəraitin yaradılmasına da yardım edəcək. Azərbaycanın texniki-peşə təhsil sisteminin müasirləşdirilməsi sahəsində Avropa İttifaqı və BMTİP-nin birgə həyata keçirdiyi bu tip layihələr çərçivəsində peşə təhsili mərkəzlərinin yerləşdiyi bölgələrin hüdudlarından kənarda da, yəni Gəncə və Cəlilabadın ətraf rayonlarında da oxşar fəaliyyətlər həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR