Bakıda yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq

Bakıda yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
# 01 dekabr 2016 09:48 (UTC +04:00)

Bakı və Abşeron yarımadasında dekabrın 2-də bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.

Arabir zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 3-5° isti, gündüz 8-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 2-dən 4-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR