Luis Çanq Boldrini: “Azərbaycanla Peru arasında ticarət dövriyyəsinin artımı üçün çalışırıq”

Luis Çanq Boldrini: “Azərbaycanla Peru arasında ticarət dövriyyəsinin artımı üçün çalışırıq”
# 30 may 2018 18:48 (UTC +04:00)

Azərbaycan coğrafi olaraq bizim üçün çox maraqlı mövqedə yerləşir.

APA-nın xəbərinə görə, bunu Perunun Azərbaycandakı müvəqqəti işlər vəkili Luis Çanq Boldrini jurnalistlərə açıqlamasında deyib.

"Biz görürük ki, Azərbaycan həm Şimal-Cənub həm Şərq-Qərb dəhlizlərindən, həmçinin neft-qazından səmərli istifadə edir. Bu, Azərbaycan xalqının maraqları, sosial rifahı naminə istifadə edilir", - deyə Boldrini bildirib.

Cənab Boldrini qeyd edib ki, Cənub Qaz dəhlizinin işə salınması Azərbaycan üçün uzunmüddətli yeni gəlir mənbəyini təmin edəcək: "Sizin təbii ehtiyatlarınız Azərbaycan xalqının rifahı naminə istifadə ediləcək. Biz Azərbaycanla ticarət münasibətlərinin hələ başlanğıcındayıq, bu istiqamətdə işlər görürük. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi hələ də azdır, amma bunun artımı üçün çalışırıq".

L.Ç.Boldrini bildirib ki, hazırda hər iki hökumət arasında bir neçə sazişlər müzakirə edilir: "Bu sazişlər vasitəsilə iki ölkə arasında həm siyasi, həm iqtisadi sahələrdə yüksək əlaqələr qurulacaq. Bundan başqa, elm, müdafiə sahələrində, beynəlxalq təşkilatlar çərçivəsində də bir çox işlər üzərində çalışa bilərik".

Azərbaycana yeni səfir təyinatının iki ölkə arasında əməkdaşlığı intensivləşdirəcəyini vurğulayan cənab Boldrini bildirib ki, mədəniyyət, turizm sahəsinə dair sazişlər üzərində də işlər aparılır və bu sahələr beynəlxalq əməkdaşlığın mühüm sektorlarıdır: " Ümid edirəm ki, qısa zamanda bu işlərlə bağlı konkret nəticələr əldə edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR