“Səs” filmi Tehran Beynəlxalq Qısametrajlı Filmlər Festivalının müsabiqə proqramında iştirak edəcək

“Səs” filmi Tehran Beynəlxalq Qısametrajlı Filmlər Festivalının müsabiqə proqramında iştirak edəcək
# 10 oktyabr 2017 09:56 (UTC +04:00)

İran və Azərbaycanın müştərək istehsalı olan “Səs” qısametrajlı bədii filmi 34-cü Tehran Beynəlxalq Qısametrajlı Filmlər Festivalının müsabiqə proqramında iştirak edəcək. APA-nın məlumatına görə, 17-22 oktyabr tarixlərində keçiriləcək festivala 117 ölkədən 7444 film göndərilib. Festivalda yer alan bir çox filmlər daha öncə Kann, Berlin, Venesiya, Lokarno və başqa festivallarda iştirak ediblər.

“Səs” filminin yarışacağı milli bölmə üçün 50 film seçilib. Festivalın pul mükafatı 2000 AZN-dən 10.000 AZN-ə qədər dəyişir.

“Səs” filmi İranın Gənc Kinematoqrafçılar Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən istehsal olunub. Filmin çəkilişləri İranda aparılıb. Azərbaycan dilində çəkilən filmdə əsas rollarda Turan Malekara və Tağı Türkməni iştirak edirlər. Filmin rejissoru Ərturan Nəcəfi ADMİU-nun məzunudur. O, kinorejissor Oqtay Mirqasımovun kursunda təhsil alıb.

“Səs” filmi qısa müddət ərzində bir neçə mükafata layiq görülüb. Filmin prodüseri Fariz Əhmədovun sözlərinə görə, ekran əsəri yaxın müddətdə Gürcüstan, Türkiyə, Rusiya və digər ölkələrdə keçiriləcək festivalların nümayiş proqramına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR