“Azərsu” ASC-nin sədri: “Bakının 81,5 faizi fasiləsiz içməli su ilə təmin edilir”

“Azərsu” ASC-nin sədri: “Bakının 81,5 faizi fasiləsiz içməli su ilə təmin edilir”
# 09 aprel 2018 20:11 (UTC +04:00)

“Ölkə ərazisində 30-dan çox içməli su mənbələri tikilərək istismara verilib. Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi, Mingəçevir, Quba, Xanbulan sutəmzləyici, Külüllü, Qızılqaya, Göygöl suqəbuledici qurğuları, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri və digər lokal mənbələr Azərbaycan vətəndaşlarının sağlam həyatı baxımından ən böyük töhfələrdir”.

APA-nın məlumatına görə, bunu bu gün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Onun sözlərinə görə, su və kanalizasiya layihələrinin icrasına başlanılıb 50 şəhər və rayon mərkəzinin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkələrinin tikintisi başa çatdırılıb. Şəhər mərkəzləri ilə yanaşı, əhalisinin sayı ümumilikdə 630 min nəfər olan 520 kənddə də layihələr icra edilib.

“Respublikanın 28 rayonunun 170 kəndində başlanmış işlər bu ilin birinci rübündə tam başa çatdırılıb, 530 kilometr magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 1432 bulaq quraşdırılıb. Bununla da 271 min nəfərin keyfiyyətli içməli suya çıxışı təmin edilib. Abşeron yarımadasının 18 qəsəbəsində başlanılmış işlər bu ilin yanvarında başa çatdırılıb. Görülmüş işlərin real nəticəsi olaraq, hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 67 faizi, Bakı şəhəri üzrə isə 81,5 faizi fasiləsiz içməli su ilə təmin edilir”, deyə Q. Hüseynov bildirib.

O həmçinin qeyd edib ki, icra olunan layihələr çərçivəsində su şəbəkəsi ilə paralel kanalizasiya infrastrukturu, eyni zamanda, ekoloji tarazlığın təmin olunması və turizmin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan tullantı sutəmizləyici qurğular inşa olunur: “Xəzər dənizinə axıdılan tullantı sularının qarşısının alınması üçün 14 kilometr uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan, 15 kilometr uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının inşası başa çatdırılıb, Bakı buxtasının sahili boyu mövcud xətlərin reabilitasiyası həyata keçirilib. Bununla da Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Şıx, Novxanı və Sumqayıt çimərliklərinin əhatə etdiyi böyük bir ərazidə tullantı sularının dənizə axıdılmasının qarşısı alınıb. Bakı şəhərində və Abşeron rayonunda səth və qrunt sularının yaratdığı problemlərin həlli məqsədilə 16 ünvanda layihələr icra edilib, 30 kilometr yağış-kanalizasiya kollektorları inşa olunub və bu ünvanlarda problemlər həll edilib. Layihə çərçivəsində Böyükşor, Məhəmmədi, Kürdəxanı və Taşağıl göllərində yaradılmış infrastruktur su səviyyəsinin tənzimlənməsinə imkan yaradıb.

Q. Hüseynov deyib ki, bu il Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı, Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşası başa çatdırılacaq: “Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşacaq, 10-dan çox şəhərdə isə belə qurğuların tikintisinə başlanılacaq. Qlobal istiləşmə və quraqlıq nəticəsində su mənbələrinin məhsuldarlığında qeydə alınan dəyişiklikləri nəzərə alaraq, Şamaxı, Gədəbəy, Lerik, Tovuz və Ağstafa şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunacaq. Məhsuldarlığına görə Azərbaycanın regionlarında tikiləcək ən böyük qurğu - Şəmkirçay sutəmizləyici qurğusunun inşası da bu il başa çatdırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR