“Azərbaycan Dəmir Yolları”nda geniş kollegiya iclası keçirilib

“Azərbaycan Dəmir Yolları”nda geniş kollegiya iclası keçirilib
# 11 iyul 2018 12:22 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-də geniş kollegiya iclası keçirilib.

QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın "APA-Economics"ə verdiyi məlumata görə, kollegiya iclası iyul ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının verdiyi tapşırıqların icrasına həsr olunub. Bildirilib ki, iclasda ölkə iqtisadiyyatının inkişaf istiqamətlərindən geniş söz açan dövlət başçısı dəmir yolu nəqliyyatının fəaliyyətindən və bu sahədə icra olunan layihələrdən danışaraq müvafiq tapşırıqlar verib. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars və Şərq-Qərb dəhlizlərinin işə salınmasından, Bakı-Yalama dəmir yolunun modernləşdirilməsi layihəsinin icra edilməsindən, eləcə də Bakı-Astara yolunun modernləşməsi işlərinə gələn ildən etibarən start veriləcəyindən söz açıb. Bakı-Qəbələ və şəhərətrafı dəmir yolunun tikintisi layihəsi də uğurla icra edilir. Bu da turizmin inkişafına böyük dəstək olacaq. Həmçinin Bakı-Gəncə sürət qatarının xəttə buraxılmasının ilin sonuna qədər nəzərdə tutulmasını ölkə başçısı diqqətə çatdırıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev yekun nitqində bizim qarşımızda duran prioritet məsələləri, fəaliyyət proqramımızı müəyyən edib. Dəmiryolçular qarşıya qoyulan bu vəzifələri vaxtında və keyfiyyətlə icra etməli, bunun üçün dəmir yolunda bütün qüvvələr ümumi işin icrasına səfərbər olunmalıdır.

İclasın sonunda müvafiq strukturların rəhbərləri dövlət başçısının çıxışından irəli gələn vəzifələrin dəmir yolunda icrası ilə bağlı məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR