Bakıda “MuzTV Azərbaycan” kanalının peyk yayımına başlaması münasibətilə konsert keçirilib

Bakıda “MuzTV Azərbaycan” kanalının peyk yayımına başlaması münasibətilə konsert keçirilib
# 12 fevral 2018 19:16 (UTC +04:00)

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “MuzTV Azərbaycan” kanalının peyk yayımına başlaması münasibətilə konsert təşkil edilib

APA-nın xəbərinə görə, proqramın aparıcısı Murad Dadaşov deyib ki, MuzTV 2012-ci ilin mayından 2017-ci ilin oktyabrınadək www.muztv.az saytı vasitəsilə yayımlanan internet televiziyası idi. Televiziya yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edir. MuzTV Azərbaycan estradasının, milli musiqisinin klassik ənənəsinin və müasir inkişafının təqdimatçısı kimi çıxış edən yeganə televiziya resursudur.

Tədbirdə çıxış edən Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov deyib ki, MuzTV Azərbaycan incəsənətinin təbliği üçün yeni imkanlar açacaq: “Bu gün dünyada geniş yayılmış musiqi kanalları sırasında özünəməxsus yeri olan MuzTV bütün imkanlardan istifadə edərək Azərbaycan mədəniyyətinin təbliğinə layiqli töhfələr verəcək”.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov belə bir televiziyanın açılmasını mədəni zövqümüzün formalaşması baxımından mühüm hadisə kimi qiymətləndirib. O, “Azərbaycanfilm” kinostudiyasının arxivində olan ən yaxşı musiqi nömrələrini MuzTV-yə təqdim etməyə hazır olduqlarını bildirib.

“MuzTV Azərbaycan” kanalının direktoru Elnur Kələntərov bildirib ki, “MuzTV” bütün kabel televiziyaları vasitəsilə hər bir ailənin qonağıdır. O, son illər Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafı və təbliği istiqamətində görülən işlərdən danışıb və bu istiqamətdə Heydər Əliyev Fondunun reallaşdırdığı layihələri xüsusi qeyd edib. Bütün iştirakçılara minnətdarlığını bildirən E.Kələntərov ümidləri doğruldacaqlarına əminliyini ifadə edib.

Sonra tədbir konsert proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR