KİV: "Ermənistan elektrik xətləri" satışa çıxarıla bilər

KİV: "Ermənistan elektrik xətləri" satışa çıxarıla bilər
# 29 iyun 2015 09:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ermənistanda qarşıdurmalara səbəb olan elektrik enerjisinin qiymətinin artması və hökumətin "Ermənistan elektrik xətləri" QSC-nin milliləşdiriləcəyi ilə bağlı verdiyi vədlər Rusiyanın "İnter RAO" (QSC-nin sahibi - red.) şirkətini bu müəssisəni satmasına vadar edə bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə "Kommersant" qəzeti öz mənbələrinə istinadən xəbər verir.

Mənbə bildirir ki, Rusiya holdinqi artıq bununla bağlı erməni əsilli rusiyalı iş adamları, xüsusilə də “Taşir” qrupunun sahibi Samvel Karapetyanla danışıqlar aparıb.

"Ancaq "Ermənistan elektrik xətləri" QSC-yə yeni sahib tapmaq o qədər də asan iş deyil. Çünki, balanslaşdırılmamış qiymət tarifi "Ermənistan elektrik xətləri"nin xeyli sayda borcunun olmasına səbəb olub. Etiraz edənlər isə tələb edir ki, şirkətlərin ziyanları büdcədən kompensasiya edilməsin", - deyə mənbə bildirir.

Maraqlıdır ki, "Ermənistan elektrik xətləri" QSC-nin məxsus olduğu Rusiyanın "İnter RAO" şirkətində isə bu məsələyə münasibət bildirmirlər.

Bununla belə, vəziyyətdən agah olan mənbə təsdiqləyir ki, holdinq problemli aktivi ilə vidalaşmağa və potensial alıcılarla danışığa başlamağa hazırdır.

Xatırladaq ki, İctimai xidmətlərin tənzimləməsi üzrə dövlət komissiyası iyunun 17-də Ermənistanda elektrik enerjisinə ikiqat artımla yeni tarifi təsdiqləyib. Elektrik enerjisinin gündüz tarifi 16,65%, gecə tarifi isə 21,8% artıb. Mütləq ölçüdə hər iki tarif eyni səviyyədə bahalaşıb - 1 KV/saat üçün 6,93 dram.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR