Miqrasiya orqanlarında attestasiyadan keçirilməyəcək işçilərin kateqoriyası açıqlanıb

Miqrasiya orqanlarında attestasiyadan keçirilməyəcək işçilərin kateqoriyası açıqlanıb
# 16 noyabr 2017 06:57 (UTC +04:00)

Nazirlər Kabineti “Miqrasiya orqanları işçilərinin attestasiyası Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, Qaydaya əsasən, miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı bir il çalışan miqrasiya orqanları işçilərinin attestasiyası beş ildə bir dəfədən çox olmayaraq, keçirilir.

Sınaq müddəti başa çatdıqdan sonra işçinin miqrasiya orqanlarında daimi qulluğa qəbul edilməsi üçün attestasiyası bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir. Attestasiyadan keçən işçinin fəaliyyətinə obyektiv qiymət verilməsi, işçinin konkret vəzifədə istifadə olunması imkanları haqqında tövsiyələr vermək üçün işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanın təmin edilməsi məqsədi ilə işçilərin attestasiyası Dövlət Miqrasiya Xidmətində və Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətində yaradılan attestasiya komissiyaları tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər, bir vəzifədə beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), tutduğu vəzifədə faktiki olaraq bir ildən az müddətdə qulluq keçən işçilər, eyni vəzifədə azı üç dəfə attestasiya olunaraq, tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər, vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər, Xidmətin rəisi və onun müavinləri attestasiyası keçirilmir.

Komissiyanın tərkibi sədrdən, sədrin müavinindən, sayı 5 nəfərdən az olmamaqla tək sayda üzvlərdən və katibdən ibarət olur və Dövlət Miqrasiya Xidmətinin rəisi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi) tərəfindən təsdiq edilir. Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi tərəfindən bu Qaydanın tələbləri nəzərə alınmaqla, attestasiya olunmalı işçilərin siyahısı tərtib edilir, attestasiyanın keçiriləcəyi vaxt müəyyən olunur və bu barədə Xidmətin rəisinə yazılı məruzə edilir. Sualların əhatə etdiyi hüquqi aktların və digər məlumat mənbələrinin siyahısını Kadrlar və kadr hazırlığı idarəsi tərtib edir və Xidmətin rəisi tərəfindən təsdiq olunur. Attestasiya olunmalı işçilər barədə məlumatları və onların Xidmətin rəisi tərəfindən müəyyən edilən siyahısını Kadrlar və kadr hazırlığı idarəsi Komissiyaya təqdim edir. Komissiya işçilərin attestasiyasını Kadrlar və kadr hazırlığı idarəsi tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq həyata keçirir. Attestasiyadan keçəcək işçilər Kadrlar və kadr hazırlığı idarəsi tərəfindən attestasiyanın keçirildiyi yer, vaxt və sualların əhatə etdiyi hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı barədə attestasiyanın başlanılmasına ən gec 30 gün qalmış məlumatlandırılırlar. Attestasiya olunmalı hər bir işçiyə attestasiyanın başlanılmasına ən azı 15 gün qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin işçi ona verilən xasiyyətnamə ilə tanış olmalıdır. Xasiyyətnamədə işçinin xidməti fəaliyyətinə qiymət verilməklə, onun fərdi xüsusiyyətləri, şəxsi keyfiyyətləri, güclü və zəif cəhətləri, bilik və bacarıq səviyyəsi, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Komissiyanın üzvü attestasiya olunmalı işçilərin hər hansı biri ilə yaxın qohumluq, qulluq mövqeyi, şəxsi və ya sair cəhətdən asılılıq münasibətlərində olduqda, yaxud obyektiv qiymətləndirməyə mane olan hallar mövcud olduqda, həmin işçinin attestasiyasının keçirilməsində iştirak etmir.

Hər bir işçi ilə attestasiya fərdi qaydada və sual-cavab üsulu ilə keçirilir. Attestasiya zamanı işçinin tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması, ixtisasının və peşə hazırlığının yüksəldilməsinin və ya təkrar hazırlıq keçməsinin zərurət dərəcələrinin müəyyənləşdirilməsi, habelə kadrların irəli çəkilməsi proqramının həyata keçirilməsi istiqamətində Komissiya üzvləri tərəfindən işçiyə 5 sual verilir. Attestasiya olunan işçiyə onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına, etiqadına, şəxsi dəyərlərinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin verdiyi cavab Komissiyanın hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir və sonra Komissiyanın üzvlərinin verdiyi qiymətlər toplanılaraq, attestasiyada iştirak edən Komissiyanın üzvlərinin sayına bölünür. Attestasiyanın nəticəsinə görə ən çox 25 bal toplamaq mümkündür və ən azı 16 bal toplamış işçi attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab olunur.

İşçinin attestasiyasının nəticələri əsasında Komissiya aşağıdakı qərarlardan birini qəbul edir:

- ən azı 16 bal toplanıldıqda - tutduğu vəzifəyə uyğun gəlir;

- 12-15 bal toplanıldıqda - işini yaxşılaşdırsa və Komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir;

- 0-12 bal toplanıldıqda - tutduğu vəzifəyə uyğun gəlmir.

Attestasiyanın nəticələri attestasiya keçirilən gün işçiyə bildirilir. Sınaq müddəti başa çatdıqdan sonra bu Qaydanın tələblərinə uyğun olaraq, attestasiyadan müvəffəqiyyətlə keçmiş işçi müvafiq vəzifəyə təyin olunmaqla, miqrasiya orqanlarında daimi qulluğa qəbul edilir. Sınaq müddəti başa çatdıqdan sonra bu Qaydanın tələblərinə uyğun olaraq attestasiyadan keçməmiş işçi daimi qulluğa qəbul edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR