İngiltərə gündəminə bomba kimi düşən amerikalı gəlin

İngiltərə gündəminə bomba kimi düşən amerikalı gəlin
# 30 noyabr 2017 11:28 (UTC +04:00)

Artıq bir neçə gündür ki, İngiltərə mediasının manşetləri (eləcə də digər ingilisdilli dünya mediası) bu cütlüyün xəbərləri ilə qaynayır. Onların uşaqlıqlarından köhnə sevgililərinə, ailələrindən dostlarına qədər, hər kəs təftiş altındadır və gündəm mövzusu olaraq qəzetlərin ilk səhifələrində yer alır.

Söhbət İngiltərə kral ailəsinin şahzadəsi Harridən gedir. Şahzadənin 18 aydır sevgili olduğu amerikalı aktrisa Megan Markle ilə nişanlanmaları haqqında mətbuat bildirişindən bu yana (27 noyabr) onlar barəsində manşetlərin, köşə yazılarının ardı-arası kəsilmir.

Yeni gəlin həm aktrisadır, həm də duldur...

Yaş fərqliliyi və bəyin gəlindən kiçik olması bizdə ən çox müzakirə edilə biləcək bir məsələ olsa da, 36 yaşlı Meganın Harridən 3 yaş böyük olması İngiltərədə o qədər də müzakirə edilmir. Buna səbəb isə daha ciddi faktların bolluğudur. Yeni gəlinin daha əvvəl evlənib, sonra boşanmış olması bu məsələlərin ən başında gəlir. Aktyor Trevor Engelsonla 6 il sevgili olduqdan sonra 2011-ci ildə evlənən cütlük, evliliklərini iki il sonra bitirməli olub. Buna səbəb isə Meganın Kanadadakı kino çəkilişləri olub. Bəzi iddialara görə, böyük media quruluşları Meganın sabiq ərinə danışması üçün bir milyon təklif edib. Lakin Trevor bunu qəbul etməyib. Ya da hələlik etməyib. Aktyorluq məsələsinə gəlincə isə Meganın çəkildiyi bir çox filmlərdə yataq və öpüşmə səhnələri var. Bəzi ingilis mətbuat orqanları həm bunu, həm də onun boşanmış olmasını tənqid etsə də, bəziləri Meganın Saraya yeni bir nəfəs gətirəcəyini yazır. İngilis xalqı isə sarayın daha müasir olmasının tərəfdarı kimi görünür.

Belə ki, 1953-cü ildə kralıça Yelizavetanın bacısı Marqaretin boşanmış Peter Tovnsend ilə münasibəti açığa çıxanda, ondan ya Sarayı seçməyi, ya da bütün hüquqlarından imtina edib, Birləşmiş Krallığı 5 il müddətinə tərk etmək tələb olunmuşdu. Bu sərt qaydanı isə şahzadə Diana öldükdən sonra kraliça özü - oğlu Şahzadə Çarlsın dul Camilla Parker ilə evlənmək istədiyi zaman - pozub.

İngilis mediasının müzakirəsində olan digər bir məsələ isə Meganın anasının Afrika, atasının isə Amerika mənşəli olmasıdır. (Afroamerikan). İndidən mətbuatda onların gələcək uşaqlarının göz və saç rəngləri barədə müzakirələr başlayıb, hətta bəzi saytlar cütlüyün uşaqlıq fotolarını fotoşopla birləşdiriblər.

Şahzadə Harrinin qalmaqallı həyatı

İndi isə gələk şahzadə Harriyə. Megan boşanmış olsa da, Harrinin də həyatının sakit keçdiyi deyilə bilməz. Şahzadə 6 illik sevgilisi Çelsi Davidən 2009-cu ildə ayrılıb. Daha sonra isə o Natalie Pinkham ilə sevgili olub. Şahzadənin 2012-ci ildə Las Veqasdaki bir əyləncə zamanı çəkilən çılpaq fotoları isə o zamanlar günlərlə manşetlərdən düşməmişdi.

50 minlik üzük...

Nişanlanma xəbərlərini açıqladıqdan sonra Sarayda mətbuata açıqlama verən Meganın üzüyü də mətbuatın diqqətini çəkən məqamlar arasındadır. Kənarlarında şahzadə Dianaya məxsus iki brilyantın, ortada isə 2,5 karatlıq daşın olduğu bu üzüyün qiyməti 50 min funta yaxındır.

Toyuq qızardarkən edilən evlilik təklifi

Bir çoxlarınıza bu cütlüyün necə tanış olmağı maraqlı gələ bilər. Medianın, cütlüyün özlərinə istinadən yazdıqlarına görə, onlar bir-biriləri ilə adını açıqlamadıqları ortaq dostları sayəsində tanış olublar. İki dəfə Londonda görüşəndən sonra isə Şahzadə Harri Meganı Afrika qitəsində yerləşən Botsvana adlanan ölkədə ulduzların altında kempinqə dəvət edib.

Bax, belə... 18 aydan sonra isə cütlük nişanlılıq xəbərlərini mətbuata açıqlayıb. Harri deyir ki, ilk dəfə Meganı görən kimi onun doğru insan olduğunu anlayıb.

12 yaşlı Meganın gündəm yaradan şəkli

Nişanlanma xəbərlərindən sonra mətbuata canlı müsahibə verən Harri yeni sevgilisinə evlənmə təklifini evdə toyuq qızartdığı zaman etdiyini deyib. Megan isə qeyd edib ki, həyəcandan onun evlilik təklifini bitirməsini belə gözləyə bilməyib, dərhal “hə” deyib. Meganın açıqlamasında ən maraqlı məqam isə onun Harri haqqında əvvəlcədən o qədər də məlumatlı olmadığını deməsi olub. Ancaq Meganın bu cümləsi mətbuatın diqqətini çəkib və məşhur “Daily Mirror” qəzeti eksklüziv olaraq Meganın illər əvvəl Bekinqem (Buckingham) Sarayının qarşısında çəkilmiş şəklini manşetdən verib. 1996-cı ildə, 12 yaşında olan Megan bu şəkli çəkdirərkən yəqin ki, 21 il sonra saraya gəlin gedəcəyini bilməzmiş.

Meganın uşaqlıq dostu Ninaki Priddy isə bu nişan xəbərinə təəccüblənmədiyini, Meganın bunu sanki hər zaman planladığını, kral ailəsinə həmişə valeh olduğunu, Şahzadə Diana kimi olmaq istədiyini deyib. Meganın başqa bir ailəvi dostu Sonia Ardakani onun 1981-ci ildə ailə həyatı quran Harrinin valideynləri Çarls və Diananın toyunu dəfələrlə izlədiyini vurğulayıb.

Görünən odur ki, hələ uzun müddət bu cütlük gündəmdən düşməyəcək. Belə ki, Meganın gəlinliyinin hansı brend tərəfindən tikiləcəyi belə artıq indidən müzakirə olunur. Mətbuata Saray qarşısında açıqlama verdikləri gün Meganın geyindiyi ağ, Kanada brendi olan “Line the Label” paltosu isə artıq online satış saytlarda rekord qırır.

Görək bundan sonra Megan və Harry hansı keyfiyyətləri ilə qəzetlərin manşetini bəzəyəcək...

Aytən Abbaslı

APA-nın London müxbiri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR